Ermənistanın keçmiş prezidenti, Xocalı qatili Robert Koçaryan 2025-ci ili Ermənistan dövlətçiliyi üçün ən ağır illərdən biri adlandırıb.
Referans Media xəbər verir ki, Koçaryan Yeni il müraciətində “məğlubiyyətlər, səhvlər və alçaldılmalar çarxını dayandırmaq”dan danışaraq cəmiyyəti səfərbər olmağa çağırıb.
Müraciətdə Xocalı qatili Koçaryan bildirib ki, hər bir vətəndaş üzərinə düşəni etməli, milli keyfiyyətlərini ortaya qoymalıdır ki, növbəti Yeni ili “həqiqi sülh, milli birlik və həmrəylik” şəraitində qarşılamaq mümkün olsun. O, Ermənistanın “dik durması”, milli kimliyini bərpa etməsi və dövlətin yenidən dünyada “qanuni yerini” tutmasından bəhs edib.
Diqqətçəkən məqam ondan ibarətdir ki, Kremlin nökəri olan Xocalı qatili Koçaryan Ermənistanın son dövrlər sülh prosesinə yaxınlaşmasından açıq şəkildə narahatdır. Məhz bu narahatlıq fonunda uzun müddət susqun qalan keçmiş prezident yenidən aktiv şəkildə danışmağa, revanşist ritorika ilə gündəmə gəlməyə başlayıb.























