Gənclik enerjisini və təravətini uzun illər qoruyub saxlamaq təkcə genetik mirasdan deyil, həm də gündəlik həyat tərzinə daxil edilən kiçik, lakin təsirli vərdişlərdən asılıdır. Müasir dövrdə bioloji yaşı geridə qoyub daha gənc və dinamik görünmək üçün ilk növbədə dərinin xarici amillərdən qorunması vacib şərtdir.
Referans Media bildirir ki, mütəxəssislərin fikrincə, dərinin vaxtından əvvəl qocalmasının əsas səbəbi ultrabənövşəyi şüalardır və buna görə də, fəsilindən asılı olmayaraq günəşdən qoruyucu kremlərdən istifadə etmək və dərinin nəmlik balansını həm bol su, həm də keyfiyyətli kosmetik vasitələrlə təmin etmək lazımdır.
Bununla yanaşı, fiziki görünüşün daxili sağlamlıqla birbaşa əlaqəsi unudulmamalıdır. Hər gecə vaxtında yatılan 7-8 saatlıq keyfiyyətli yuxu hüceyrələrin yenilənməsinə, dərinin elastikliyini təmin edən kollagenin qorunmasına xidmət edir. Qidalanma rasionunda isə şəkər və duzun miqdarını minimuma endirmək dərinin sallanmasının və üz nahiyəsində yaranan şişkinliklərin qarşısını alır. Antioksidantlarla zəngin qidalar orqanizmi toksinlərdən təmizləyərək simaya təbii parıltı bəxş edir.
Daimi fiziki aktivlik və düzgün duruş qaydalarına əməl etmək də vizual yaşın azaldılmasında böyük rol oynayır. İdman qan dövranını sürətləndirərək dərinin daha yaxşı qidalanmasını təmin edir, dik duruş isə insanı həm daha formada, həm də gənc göstərir. Nəhayət, xroniki stressdən uzaq durmaq və emosional balansı qorumaq üz cizgilərinin sərtləşməsinin qarşısını alan ən mühüm amillərdən biridir. Bu kompleks yanaşma sayəsində yaşın sadəcə rəqəmlərdən ibarət olduğunu sübut etmək mümkündür./Sfera.az






















