Son vaxtlara qədər yararsız “köhnə əşya” sayılan smartfonlar gözlənilmədən bahalaşıb. Söhbət nadir kolleksiya modellərindən deyil, istifadəçilərin evində istifadəsiz qalan adi cihazlardan gedir.
Referans Media xəbər verir ki, bu artımın əsas səbəbi müəyyən komponentlərin, xüsusilə də operativ yaddaşın qlobal çatışmazlığıdır. Yarımkeçirici istehsalçıları diqqəti daha çox süni intellekt texnologiyalarına yönəltdiyindən, mobil cihazlar üçün yaddaş istehsalı azalıb. Bu vəziyyətdə artıq mövcud olan yaddaş komponentlərinə o cümlədən köhnə smartfonların içindəki hissələrə tələbat kəskin şəkildə artıb. Nəticədə bu cihazlar istifadə üçün deyil, ehtiyat hissələri üçün sökülmək məqsədilə kütləvi şəkildə alınmağa başlanıb.
Elektronika təkrar emalı ilə məşğul olan şirkətlər köhnə telefonlardan ən dəyərli komponentləri, xüsusilə yaddaş modullarını çıxararaq onları yenidən istifadə edirlər. Bu isə köhnə cihazları gözlənilmədən gəlirli edib. Məlumatlara görə, hazırda bir köhnə smartfondan əldə edilən komponentlərin dəyəri əvvəlki ilə müqayisədə 5–6 dəfə artıb. Xüsusilə böyük yaddaşa malik modellər daha çox qiymətləndirilir.
Məsələn, bəzi Xiaomi və Poco modelləri yalnız hissələrinin təkrar emalı hesabına 60-70 dollar gəlir gətirə bilər. Bu tendensiya ən çox Çində müşahidə olunur, çünki burada hər il milyonlarla cihaz istifadədən çıxarılır. Mütəxəssislər həmçinin xəbərdarlıq edir: köhnə telefonu satmazdan və ya təhvil verməzdən əvvəl şəxsi məlumatları tam silmək vacibdir ki, məlumat sızması riski yaranmasın.(lent.az)























