image-mese05backend

Şimal dənizində kəşf: “İtmiş meşə” tapıldı

Alimlər bir vaxtlar Britaniyanı Avropaya birləşdirən və hazırda Şimal dənizinin altında qalan “Doggerland” bölgəsində Buz dövrünə aid nəhəng tarixdən əvvəlki meşənin izlərini aşkar ediblər. 

 

Referans Media  xəbər verir ki, araşdırmalara görə, bu ərazi təxminən 16 min il əvvəl palıd və qarağac ağacları ilə örtülü geniş meşə sahəsi olub.

 

Uorvik Universitetinin alimləri tərəfindən aparılan tədqiqatlar göstərib ki, hazırda su altında qalan Doggerland bölgəsi keçmişdə həm zəngin bitki örtüyünə, həm də erkən insan icmalarının yaşaması üçün əlverişli mühitə malik olub. Tədqiqatçılar hesab edir ki, bu ərazi Britaniyanın materikdən ayrılmasından çox əvvəl canlılar üçün mühüm sığınacaq rolunu oynayıb.

 

Qədim çöküntülər üzərində aparılan DNT analizləri bölgənin ekoloji tarixini üzə çıxarıb. Təhlillər nəticəsində məlum olub ki, Doggerlandda 400 min il əvvəl yox olduğu düşünülən bəzi ağac növlərinin izləri hələ də qalmaqdadır. Alimlər bunu “itirilmiş ekosistemin genetik izləri” kimi qiymətləndirirlər.

 

Araşdırma həmçinin göstərir ki, Doggerland bölgəsinin bəzi hissələri böyük sunami və iqlim dəyişikliklərinə baxmayaraq uzun müddət mövcudluğunu qoruyub. Çöküntü DNT məlumatlarına əsasən, ərazinin bəzi hissələri təxminən 7 min il əvvələ qədər suyun üzərində qalıb.

 

Mütəxəssislər bildirirlər ki, Doggerland sadəcə Britaniya ilə Avropa arasında quru bağlantısı olmayıb, eyni zamanda Buz dövrünün sərt iqlimində həyatın qorunduğu strateji mərkəz olub. Zəngin meşə ekosistemi Mezolit dövrü insan icmalarına yaşamaq üçün zəruri olan resursları təmin edib.

 

Bu tapıntı Avropanın qədim coğrafiyası və insan məskunlaşması tarixi ilə bağlı mövcud təsəvvürləri dəyişdirə bilər. Alimlər hesab edir ki, Doggerland bölgəsi qədim insanların yaşaması və köç yollarının formalaşmasında indiyə qədər düşünüldüyündən daha mühüm rol oynayıb./Sfera.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki