Yaxın Şərqdə gərginliyin yenidən artması qlobal enerji bazarına təsirləri ilə diqqət mərkəzindədir. Ekspertlər hesab edir ki, mümkün müharibə ssenarisi neft qiymətlərində ciddi dəyişikliklərə səbəb ola bilər.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bölgədə silahlı münaqişənin yenidən alovlanması halında neft qiymətlərinin yüksəlməsi demək olar ki, qaçılmazdır. Lakin onun sözlərinə görə, artımın miqyası və müddəti bir neçə əsas amildən asılıdır.
İqtisadçı qeyd edib ki, ilk amil münaqişənin coğrafiyasıdır:
“Əgər döyüşlər birbaşa neft infrastrukturuna toxunmazsa, qiymət artımı əsasən psixoloji və qısamüddətli olacaq. Lakin infrastruktur hədəfə alınarsa, real təklif kəsiri yaranar və bu, uzunmüddətli bahalaşmaya səbəb olar”.
Onun sözlərinə görə, ikinci əsas faktor Hörmüz boğazıdır:
“Dünya neft ticarətinin təxminən 20 faizi bu marşrutdan keçir. Boğazın bağlanması çətin olsa da, risklərin artması belə qiymətlərə ciddi təsir edir”.
Akif Nəsirli əlavə edib ki, üçüncü amil OPEC+ ölkələrinin ehtiyat istehsal gücü, dördüncü amil isə ABŞ-ın strateji neft ehtiyatlarıdır. Bu mexanizmlər qiymət artımını müəyyən qədər məhdudlaşdıra bilər.
Ekspertin fikrincə, əgər münaqişə lokal xarakter daşıyarsa, qiymətlər 4–8 həftə ərzində sabitləşə bilər. Lakin İranın prosesə cəlb olunması vəziyyəti köklü şəkildə dəyişəcək və uzunmüddətli bahalaşma baş verəcək.
İqtisadçı vurğulayıb ki, belə vəziyyətdə Azərbaycan həm qazanan, həm də itirən tərəf ola bilər:
“Qiymət artımı büdcə gəlirlərini artırır, Dövlət Neft Fondunun ehtiyatlarını gücləndirir və manat üzərində təzyiqi azaldır”.
Bununla yanaşı, o, bir sıra risklərin də yarandığını qeyd edib:
“İdxal inflyasiyası artır, logistika xərcləri yüksəlir, regional ticarət axınları zəifləyə bilər və investisiya mühiti qeyri-müəyyənləşir”.
Akif Nəsirli bildirib ki, əsas problem əlavə gəlirin büdcədə cəmlənməsi, inflyasiyanın isə əhalinin üzərinə düşməsidir:
“Əgər bu gəlirlər sosial dəstək mexanizmləri ilə paylaşılmazsa, bu, sosial gərginliyi artıra bilər”.
Sonda iqtisadçı qeyd edib ki, Yaxın Şərqdə yeni müharibə Azərbaycan üçün yalnız müsbət deyil, eyni zamanda ciddi iqtisadi risklər yaradan bir sınaq kimi qiymətləndirilməlidir.
Gülnaz Abdullazadə.























