Yaxın Şərqdə yeni mərhələ: BƏƏ boğazı açmaq üçün hərbi plan hazırlayır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yaxın Şərqdə artan gərginlik fonunda strateji əhəmiyyətli Hörmüz boğazının yenidən açılması üçün hərbi variant da daxil olmaqla aktiv rol almağa hazırlaşır.

Referans Media xəbər verir ki, İran ilə ABŞ arasında böyüyən qarşıdurma qlobal enerji marşrutlarının mərkəzi sayılan Hörmüz boğazında yeni mərhələyə keçib. Bu barədə məlumatı “The Wall Street Journal” yayıb.

Qəzetin yazdığına görə, BƏƏ İranın son hücumlarından sonra strategiyasını dəyişərək ABŞ və müttəfiqləri ilə daha sıx əməkdaşlığa hazırlaşır. Əbu-Dabi rəhbərliyi boğazın açılması üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından mümkün hərbi müdaxilə səlahiyyəti almaq istiqamətində diplomatik təşəbbüsləri gücləndirib.

Eyni zamanda BƏƏ-nin mina təmizləmə əməliyyatları, logistika dəstəyi və dəniz təhlükəsizliyi tədbirləri kimi praktiki addımları da nəzərdən keçirdiyi bildirilir.

Məlumatlara görə, İran son dövrdə BƏƏ ərazisinə təxminən 2500 raket və pilotsuz uçuş aparatı ilə hücum həyata keçirib. Bu hücumların bəzi infrastruktur obyektlərinə ziyan vurduğu və regionda iqtisadi sabitliyi sarsıtdığı qeyd olunur.

Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı tam açılmadan da müharibənin dayandırılması variantına müsbət yanaşdığı iddia edilir. Vaşinqton hesab edir ki, İranın hərbi potensialı xeyli zəiflədilib və boğazın təhlükəsizliyinin təmin edilməsi məsuliyyəti digər ölkələrin üzərinə düşməlidir.

Ekspertlər xəbərdarlıq edir ki, dünya üzrə neft ticarətinin təxminən 20 faizi məhz Hörmüz boğazından keçir. Bu səbəbdən boğazın bağlı qalması enerji bazarlarında ciddi dalğalanmalar yarada və qlobal iqtisadiyyata mənfi təsir göstərə bilər.

Analitiklər hesab edir ki, BƏƏ-nin mümkün hərbi iştirakı münaqişəni daha geniş regional qarşıdurmaya çevirə və beynəlxalq böhran riskini artıra bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki