Ankara Valiliyi iyulun 7-8-də keçiriləcək 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi ilə əlaqədar paytaxtda genişmiqyaslı təhlükəsizlik və nəqliyyat məhdudiyyətləri tətbiq olunacağını açıqlayıb.
Referans Media xəbər verir ki, təhlükəsizlik tədbirləri çərçivəsində 5 iyul saat 16:00-dan 10 iyul saat 10:00-dək yanacaq daşıyan tanker, betonqarışdıran maşın, evakuator və digər ağır tonnajlı nəqliyyat vasitələrinin Ankara şəhər mərkəzinə girişinə icazə verilməyəcək.
Valiliyin məlumatına görə, qərar NATO Zirvəsinin təhlükəsiz şəkildə keçirilməsi məqsədilə qəbul edilib. Müəyyən istisnalar olmaqla, ağır yük avtomobillərinin şəhərə daxil olması məhdudlaşdırılacaq.
Ərzaq məhsulları daşıyan yük maşınlarının yalnız müəyyən edilmiş marşrutlardan istifadə etməsinə icazə veriləcək. Dərman və təcili tibbi ləvazimat daşıyan nəqliyyat vasitələri isə təhlükəsizlik səbəbindən bəzi əsas prospektlərdən istifadə edə bilməyəcək və alternativ yollarla hərəkət edəcəklər.
Valiliyin açıqlamasına əsasən, 6-9 iyul tarixlərində Esenboğa və Etimesgut hava limanlarından başlayaraq dövlət nümayəndələrinin istifadə edəcəyi marşrutlar, həmçinin tədbirin keçiriləcəyi ərazilər mərhələli şəkildə nəqliyyatın hərəkəti üçün bağlanacaq. Bağlanacaq əsas prospektlər arasında Atatürk Bulvarı, Dumlupınar Bulvarı, Anadolu Bulvarı, Mevlana Bulvarı, Sakıp Sabancı Bulvarı, İsmet İnönü Bulvarı və digər əsas yollar yer alır.
Təhlükəsizlik tədbirləri çərçivəsində motokuryerlərin də zirvə marşrutlarına daxil olması qadağan edilib. Qadağa 6-9 iyul tarixlərində müəyyən edilmiş prospekt və küçələrdə qüvvədə olacaq.
Zirvə marşrutları boyunca küçələrdə, otellərin, dövlət qurumlarının, ticarət mərkəzlərinin, universitetlərin, iş yerlərinin və digər obyektlərin qarşısında avtomobillərin park edilməsinə də icazə verilməyəcək.
Valilik bildirib ki, müəyyən olunmuş müddətə qədər həmin ərazilərdən çıxarılmayan avtomobillər xüsusi texnika vasitəsilə evakuasiya ediləcək.
Ankara Valiliyi sakinləri tətbiq olunacaq məhdudiyyətlərə əməl etməyə çağıraraq, mümkün narahatlıqların qarşısını almaq üçün səfərlərini əvvəlcədən planlaşdırmağı tövsiyə edib.
