İstanbulda yanacaqdoldurma məntəqəsində dəhşət anları: İki uşağın hərəkəti faciəyə səbəb ola bilərdi

İstanbulda yanacaqdoldurma məntəqəsində baş verən təhlükəli hadisə faciə ilə nəticələnmək üzrə idi. Təhlükəsizlik kameralarına düşən görüntülərdə məntəqəyə daxil olan iki azyaşlıdan birinin əlindəki alışqanla rəfdə olan məhsulu yandırdığı, daha sonra isə hadisə yerindən uzaqlaşdığı görünür.

Uşaqlar ərazini tərk etdikdən sonra alışan məhsul yanmağa davam edib. Hadisəni müşahidə edən şəxs onların hərəkətinə sərt reaksiya verərək, bunun yanacaqdoldurma məntəqəsində baş verməsinin çox ciddi təhlükə yaratdığını bildirib.

Xoşbəxtlikdən, alovları vaxtında görən yanacaqdoldurma məntəqəsinin əməkdaşı dərhal müdaxilə edib. Onun operativ davranışı nəticəsində yanğın qısa müddətdə söndürülüb və alovun yanacaq çənlərinə və digər təhlükəli obyektlərə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər azyaşlıların bu cür təhlükəli davranışının ağır nəticələr doğura biləcəyini vurğulayaraq, valideynləri uşaqlara təhlükəsizlik qaydalarını daha ciddi şəkildə aşılamağa çağırıblar. Hadisə ilə bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki