Telefon istifadəçilərinə VACİB XƏBƏR: Bu gündən yeni qaydalar tətbiq olunacaq

Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Qurumu (BTK) xaricdən gətirilən mobil telefonların IMEI qeydiyyatı ilə bağlı qaydalarda dəyişiklik edib. Yeni tənzimləmə bu gündən qüvvəyə minib və qeydiyyat prosesində bir sıra yeniliklər tətbiq olunmağa başlayıb.

Referans Media xəbər verir ki, yeni qaydalara əsasən, IMEI qeydiyyatı üçün SMS vasitəsilə müraciət ləğv edilib. Bundan sonra rəsmi müraciətlər yalnız e-Devlet platforması üzərindən qəbul ediləcək.

Dəyişiklik diplomatlara da şamil olunub. Türkiyədə fəaliyyət göstərən səfirlik və konsulluq əməkdaşları xarici missiya vəsiqələrinin etibarlılıq müddəti ərzində telefonlarını qeydiyyatdan keçirə biləcəklər. Vəsiqənin müddəti başa çatdıqdan sonra isə cihazlara əlavə 120 günlük istifadə hüququ veriləcək. Bu müddət bitdikdən sonra telefonun IMEI nömrəsi bloklanaraq istifadəyə bağlanacaq.

Yeni qaydalarda xaricdən gətirilmiş və sonradan nasazlıq səbəbindən dəyişdirilən telefonlarla bağlı da yenilik var. Cihaz və ya ana plata dəyişdirildiyi halda, müəyyən sənədlər təqdim edilməklə BTK-ya müraciət edərək IMEI nömrəsinin yenilənməsi mümkün olacaq.

Hazırkı qaydalara əsasən, xaricdən gətirilən mobil telefonlar qeydiyyatsız şəkildə Türkiyə SIM kartı ilə 120 gün istifadə oluna bilir. İki SIM kartlı və ya eSIM dəstəyi olan cihazlarda isə bu müddət 240 günə qədər uzana bilir. Təqvim ilinin dəyişməsi bəzi hallarda istifadə müddətinin ümumilikdə təxminən 16 aya qədər çatmasına imkan verir.

Qeyd edək ki, 2026-cı il üçün IMEI qeydiyyat rüsumu 54 min 258 Türkiyə lirəsi olaraq qüvvədə qalır. Bu məbləği ödəyən istifadəçilər xaricdən gətirdikləri telefonu daimi olaraq Türkiyə mobil şəbəkələrində istifadə edə bilərlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki