ABŞ-ın Ohayo ştatında üzə çıxan dəhşətli hadisə dünya ictimaiyyətini sarsıdıb. Polis başqa bir araşdırma çərçivəsində girdiyi yararsız vəziyyətdəki evdə illərlə ağır şəraitdə saxlanılan 16 uşağı xilas edib. Müxtəlif yaşda olan uşaqların bəzilərinin danışa bilmədiyi, bəzilərinin isə ciddi inkişaf geriliyi yaşadığı məlum olub.
Referans Media xəbər verir ki, Hadisə Ohayo ştatının Hamden kəndində baş verib. Ohayo Baş prokuroru Endi Uilsonun sözlərinə görə, polis tamamilə fərqli bir cinayət işi üzrə əməliyyat keçirərkən evdə ürəkdağlayan mənzərə ilə qarşılaşıb.
Vinton dairəsinin şerifi Rayan Keyn bildirib ki, ev zibil və insan ifrazatı ilə dolu olub. Onun sözlərinə görə, uşaqlar son dərəcə ağır şəraitdə saxlanılıb.
"Gördüklərimiz dəhşətli idi. Hətta heyvanlarımızın çoxu bu uşaqlardan daha yaxşı şəraitdə yaşayırdı", – deyə şerif bildirib.
Baş prokuror Endi Uilson isə hadisəni "karyerası ərzində gördüyü ən dəhşətli mənzərə" və "xalis şər" adlandırıb.
İstintaqın ilkin nəticələrinə görə, uşaqlar son dörd ilin böyük hissəsini təxminən 3,5 kvadratmetr sahəsi olan kiçik bir otaqda keçiriblər. Onların necə nəzarətdə saxlanıldığı tam açıqlanmasa da, evdə qəfəsə rast gəlinmədiyi bildirilib.
Xilas edilən uşaqlardan yeddisi xəstəxanaya yerləşdirilib. Ağır vəziyyətdə olan iki uşaq helikopterlə travma mərkəzinə aparılıb. Onlardan birinin reanimasiyada süni tənəffüs aparatına qoşulduğu açıqlanıb.
Hadisə ilə əlaqədar uşaqların valideynləri Qari Sayders Jr., Qari Sayders Sr., Kristina Sayders və Elizabet Sayders barəsində "uşaqların həyatını təhlükəyə atma və ağır fiziki zərərə səbəb olma" maddəsi ilə hər biri üzrə 16 epizod üzrə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxslər ittihamları qəbul etməyiblər. Məhkəmə onların hər biri üçün 300 min dollar məbləğində girov müəyyən edib.
Araşdırma zamanı məlum olub ki, ailə son 20 ildə Ohayo ştatının cənubunda dəfələrlə yaşayış yerini dəyişib, uşaqları məktəbə qeydiyyatdan keçirməyib və onların rəsmi qeydiyyatdan kənarda qalmasına çalışıb.
Altı ildir həmin küçədə yaşayan qonşu Cozef Stüart bildirib ki, ailə oraya köçdükdən sonra evdə bir dəfə də olsun uşaq görməyib.
Hazırda uşaqlar dövlət himayəsinə götürülüb, faktla bağlı genişmiqyaslı istintaq davam etdirilir.
