Rusiya-Ukrayna müharibəsində gərginlik daha da artıb. Rusiya Silahlı Qüvvələri gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatları və raketlərlə genişmiqyaslı hava hücumu həyata keçirib.
Referans Media xəbər verir ki, Kiyev meri Vitali Kliçkonun məlumatına görə, hücum nəticəsində azı 10 nəfər həyatını itirib, 56 nəfər isə yaralanıb. Yaralananlar arasında iki uşağın da olduğu bildirilir.
Hücum zamanı raketlərdən biri 10 mərtəbəli yaşayış binasına düşüb. Nəticədə binanın altı mərtəbəsi qismən dağılıb. Dağıntılar altında qalanların xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, paytaxtın müxtəlif ərazilərində 30-dan çox obyektə ziyan dəyib. Onun sözlərinə görə, yaşayış məntəqələri də hücumun hədəfi olub.
Hücum baş verən vaxt Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiyanın paytaxtı Dublində rəsmi səfərdə idi. Son hadisələrdən sonra Zelenski proqramını yarımçıq dayandıraraq ölkəsinə qayıdıb.
Rusiya Müdafiə Nazirliyi isə hücumu təsdiqləyərək bunun Ukraynanın Rusiya ərazisində mülki infrastruktura yönəlmiş hücumlarına cavab olaraq həyata keçirildiyini açıqlayıb. Nazirliyin məlumatında Kiyev ətrafındakı hərbi və enerji obyektlərinin, eləcə də Poltava və Dnepropetrovsk vilayətlərində yerləşən hərbi hava bazalarının hədəf alındığı bildirilib.
Qarşıdurmalar fonunda bölgədə vəziyyət gərgin olaraq qalır.
