"Qalatasaray" ilə müqaviləsi başa çatan argentinalı hücumçu Mauro İkardinin komandada qalıb-qalmayacağı ilə bağlı qeyri-müəyyənliyə son qoyulub. Klub rəhbərliyinin yeni müqavilə təklifinə uzun müddət cavab verməyən ulduz futbolçu sonradan qərarını dəyişsə də, bu dəfə artıq gec olub.
Referans Media xəbər verir ki, "Milliyet"in məlumatına görə, "Qalatasaray" prezidenti Dursun Özbək bir müddət əvvəl İkardiyə illik 4+1 milyon avro məbləğində yeni müqavilə təklif edib. Lakin təcrübəli futbolçu bu təklifə uzun müddət cavab verməyərək gözləmə mövqeyi tutub.
Xəbərə görə, son günlər İkardi klubun təklifini qəbul etməyə müsbət yanaşmağa başlayıb. Ancaq futbolçunun gecikmiş qərarı "Qalatasaray" rəhbərliyinin mövqeyini dəyişməyib.
Bildirilir ki, müqavilə danışıqları zamanı uzun müddət gözlədildiyini düşünən klub rəhbərliyi İkardi ilə yolları qəti şəkildə ayırmaq qərarı verib və onunla əməkdaşlığı davam etdirməyi planlaşdırmır.
Məlumata əsasən, İkardi artıq İstanbuldakı evini boşaldıb və karyerasını yenidən İtaliya çempionatında davam etdirmək üçün A Seriyası klubları ilə danışıqlar aparır. Təklifləri dəyərləndirən futbolçunun yaxın vaxtlarda yeni klubunu açıqlayacağı gözlənilir.
33 yaşlı hücumçu "Qalatasaray" forması ilə keçirdiyi dörd mövsümdə komandanın əsas simalarından birinə çevrilib. O, sarı-qırmızılıların heyətində 134 rəsmi oyunda 77 qol vurub, 25 məhsuldar ötürmə müəllifi olub və komandanın qazandığı çempionluqlarda mühüm rol oynayıb.
