“Azərbaycanla Ukrayna arasında əlaqələr heç vaxt situativ xarakter daşımayıb, hər zaman sıx olub. Çünki Bakı ilə Kiyev arasındakı münasibətləri siyasi etimad, qarşılıqlı dəstək, strateji tərəfdaşlıq üzərində qurulub. Hətta müharibə şəraitində belə Bakı Kiyevə dəstəyini davam etdirib”.
Referans Media bildirir ki, bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.
O bildirib ki, Azərbaycan müharibə dövründə Ukraynaya davamlı olaraq humanitar yardım, enerji və sosial sahədə dəstək verib. “Bu baxımdan Bakının dəstəyi Kiyev tərəfindən yüksək qiymətləndirilir. Bu isə onu göstərir ki, münasibətlər təkcə siyasi sahədə deyil, digər sahələrdə iqtisadi, enerji, kənd təsərrüfatı, humanitar, hərbi-texniki sahədədə tyüksək səviyyədədir”, – o vurğulayıb.
Deputat əlavə edib ki, enerji sahəsi Bakı-Kiyev münasibətlərinin əsas sütunlarından biridir. “SOCAR-ın Ukraynada uzun illərdir fəaliyyəti artıq formalaşmış əməkdaşlıq modelidir. Lakin bu gün tərəflər daha irəli gedərək yeni enerji layihələri, alternativ enerji əməkdaşlığı, logistika və tədarük zəncirləri üzərində işləməyə hazır olduqlarını göstərirlər. Bununla yanaşı, kənd təsərrüfatı, sənaye, investisiya və ticarət kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi gündəmdədir.
Ən diqqətçəkən istiqamətlərdən biri isə hərbi sənaye sahəsidir. Həm Azərbaycan, həm də Ukrayna bu sahədə ciddi potensiala malikdir. Birgə istehsal və texnologiya mübadiləsi perspektivləri göstərir ki, tərəfdaşlıq artıq siyasi və iqtisadi çərçivəni aşaraq təhlükəsizlik və müdafiə müstəvisinə keçir. Bu isə münasibətlərin strateji səviyyəsini daha da yüksəldir”.
Azərbaycanın Kiyevlə Moskva arasında dialoq platformasına çevrilməsi ilə bağlı Zelenskinin səsləndirdiyi fikirlərə gəldikdə deputat qeyd edib ki, Bakının artıq belə bir təcrübəsi var və indiyədək bir çox münaqişə tərəfi olan ölkələrə problemlərini həll etməsi üçün uğurlu ev sahibliyi edib. “Ona görə də Zelenskinin də Azərbaycanın potensial danışıqlar məkanı kimi çıxış edə biləcəyini vurğulaması təsadüfi deyil. Bu, Bakının artıq etibarlı tərəfdaş, neytral platforma və regional sabitlik aktoru kimi qəbul edildiyini göstərir, – o qeyd edib.
Onun fikrincə, bu səfərin əsas geosiyasi mesajı ondan ibarətdir ki, Azərbaycan artıq yalnız region ölkəsi deyil: “Azərbaycan eyni zamanda Şərqlə Qərb arasında körpüdür, enerji təhlükəsizliyinin təminatçısıdır və diplomatik balans mərkəzidir. Bu isə Bakını həm Avropa, həm də postsovet məkanında strateji oyunçuya çevirir. Bu da Bakı-Kiyev münasibətlərini daha da gücləndirən amildir. Bu görüş bir daha göstərdi ki, Azərbaycan-Ukrayna münasibətləri sabit və davamlıdır. Tərəflər əməkdaşlığı bütün sahələrdə genişləndirmək niyyətindədir. Nəticədə Bakı regional deyil, beynəlxalq səviyyədə söz sahibinə çevrilir. Ən önəmlisi isə Azərbaycan artıq təkcə tərəfdaş deyil, həm də dialoq quran, sabitlik yaradan və prosesləri istiqamətləndirən aktordur. Bu isə yeni dünya düzənində ən böyük üstünlüklərdən biridir”.






















