ABŞ-də illərlə sirr olaraq qalan itkin hadisəsi nəhayət aydınlaşıb. 13 yaşında yoxa çıxan Kristina Maria Plante 32 ildən sonra sağ tapılıb.
Referans Media xəbər verir ki, hadisə 1994-cü ildə ABŞ-ın Arizona ştatında baş verib. O zaman cəmi 13 yaşı olan Kristina Maria Plante evinin yaxınlığındakı tövləyə – atına baxmağa getdiyini deyərək evdən çıxıb, lakin bir daha geri qayıtmayıb. Uzun müddət aparılan axtarışlara baxmayaraq ondan heç bir iz tapılmamış və hadisə “şübhəli itkin düşmə” kimi qeydə alınmışdı.
İllərlə açılmayan sirr
İtkin düşdüyü dövrdə polis və könüllülər geniş axtarış əməliyyatları aparıb, yüzlərlə insan dindirilib. Lakin nəticə əldə olunmadığından iş illərlə açılmayan müəmmalı hadisələrdən biri kimi qalırdı.
Texnologiya köməyə çatdı
Hadisənin üstü yalnız illər sonra açılıb. Gila Şəhər Şerif Ofisi nəzdində fəaliyyət göstərən “Cold Case” (soyuq dosyalar) bölməsi işi yenidən araşdırmağa başlayıb. Müasir texnologiyalar və yeni analiz üsulları sayəsində araşdırmaçılar bu gün 40 yaşını keçmiş Kristina Maria Plante-nin izinə düşə biliblər.
Kimliyi təsdiqləndi
Rəsmi açıqlamada qadının kimliyinin qəti şəkildə təsdiqləndiyi və 32 illik “itkin şəxs” statusunun rəsmi olaraq ləğv edildiyi bildirilib. Bununla da onilliklərdir açılmayan dosye bağlanıb.
32 ildə harada olduğu açıqlanmadı
Hazırda Kristina Maria Plante-nin bu illər ərzində harada yaşadığı və niyə ailəsinə qayıtmadığı barədə məlumat açıqlanmır. Səlahiyyətlilər onun şəxsi həyatına və psixoloji vəziyyətinə hörmət göstərilməsi üçün detalların paylaşılmayacağını bildiriblər.
Bu hadisə ABŞ-da uzun illər açılmayan itkin dosyalarının müasir texnologiyalar vasitəsilə yenidən araşdırılmasının mümkün olduğunu bir daha göstərib.























