2026-cı il futbol üzrə dünya çempionatının final oyunu üçün bilet qiymətlərində ciddi artım qeydə alınıb.
FIFA-nın açıqlamasına görə, Nyu-Cersidə yerləşən “MetLife” stadionunda keçiriləcək final matçının ən yüksək kateqoriyalı bileti 10 990 dollara yüksəlib. Halbuki bu rəqəm ötən ilin dekabrında keçirilən püşkatmadan sonra 8 680 dollar idi.
Digər kateqoriyalarda da bahalaşma müşahidə olunub. Belə ki, 2-ci kateqoriya biletlər 5 575 dollardan 7 380 dollara, 3-cü kateqoriya biletlər isə 4 185 dollardan 5 585 dollara qədər artıb.
Turnuva ABŞ, Meksika və Kanadada keçiriləcək və yarış çərçivəsində “dinamik qiymət” modeli tətbiq olunur. Bu sistemə əsasən, biletlərin qiyməti tələbatdan asılı olaraq dəyişir. Sözügedən yanaşma isə artıq tənqidlərə səbəb olub. ABŞ Konqresinin bir qrup üzvü bu sistemi “azarkeşlər üçün əlçatmaz” adlandırıb.
Açılış və qrup mərhələsi oyunlarında da qiymət artımı qeydə alınıb. Bununla yanaşı, hər ölkə üçün məhdud sayda – təxminən 60 dollarlıq ucuz biletlər ayrılacağı bildirilsə də, bu kontingentin kifayət qədər az olması azarkeşlərin narazılığına səbəb olub.
Qeyd edək ki, biletlər mərhələli şəkildə satışa çıxarılır və bütün oyunlar üçün satış hələ tam açılmayıb.
