image-iran-abs-muharibe-900x600-3backend

ABŞ son 23 ildə beləsini etməmişdi – Bölgəni gözləyən təhlükə

ABŞ və İran arasında gərginlik fonunda bir sıra iddialar səsləndirilir. Bildirilir ki, Vaşinqton 2003-cü ildən bəri ilk dəfə bölgədə belə miqyasda hərbi güc cəmləyib və proses təkcə Tehrana mümkün hücumla məhdudlaşmayacaq, həmçinin digər ölkələrin də hədəf ola bilər.

ABŞ İran ətrafında bu qədər gücü yalnız bu ölkəni vurmaq üçün cəmləyib? Başqa hansı ölkə və ya ölkələr hədəfdədir?

Referans Media xəbər verir ki, globalinfo.az-a danışan politoloq Elnur Ənvəroğlu deyib ki, son 23 ildə, İraq müharibəsindən sonra Yaxın Şərqdə ABŞ-ın bu miqyasda qüvvə cəmləşdirməsi nadir hallarda müşahidə olunub:

“Bu, ABŞ-ın bölgədə hərbi mövcudluğunu daha da möhkəmləndirmək niyyətində olduğunu göstərir. Ümumilikdə, ABŞ-ın Yaxın Şərqdə hərbi varlığını artırması adətən üç məqsədə xidmət edir. Birincisi çəkindirmədir, yəni qarşı tərəfi mümkün hücumdan və ya eskalasiyadan saxlayaraq preventiv təsir göstərmək. İkincisi regional müttəfiqləri, o cümlədən İsrail və Körfəz ölkələrini qorumaqdır. Üçüncü məqsəd isə operativ çeviklik yaratmaqdır, yəni birbaşa zərbə endirməkdən çox, zərbə endirmək imkanını nümayiş etdirmək. Vaşinqtonun prioritetlərinə nəzər saldıqda əsas diqqətin hələ də İranın nüvə proqramına, regional proksi qüvvələrinə, eləcə də Körfəz və Qırmızı dənizdəki fəaliyyətinə yönəldiyi görünür”.

Politoloq bildirib ki, ABŞ tarixən genişmiqyaslı müharibələrdən daha çox məhdud və hədəfli əməliyyatlara üstünlük verib:

“Çünki genişmiqyaslı müharibə enerji bazarlarını sarsıda, Hörmüz boğazını risk altına sala, həmçinin Çin və Rusiyanın dolayı müdaxiləsini stimullaşdıra bilər. Bu isə Vaşinqton üçün ciddi strateji risk hesab olunur. Mövcud vəziyyətdə daha real ssenari İranın İraq, Suriya, Livan və Yəməndəki proksi qüvvələrinə qarşı məhdud zərbələrin planlaşdırılması ola bilər. Bu məsələ ABŞ və İran arasında aparılan danışıqların əsas mövzularından biridir. Beləliklə, qeyd olunan ölkələr birbaşa müharibə hədəfi deyil, daha çox məhdud əməliyyat zonası kimi nəzərdən keçirilə bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki