Donald Tramp ilə Si Cinpin arasında keçirilən görüşdən sonra İran tərəfdən Hörmüz boğazı ilə bağlı yeni açıqlamalar verilib. Bölgədə strateji əhəmiyyətə malik su yolunda hərəkətliliyin artdığı bildirilir.
Referans Media xəbər verir ki, Ağ Ev iki liderin “Hörmüz boğazının açıq qalması və enerji axınının fasiləsiz davam etməsi” mövzusunda razılığa gəldiyini açıqlayıb. Eyni zamanda İranın nüvə silahı əldə etməməsi məsələsinin də müzakirə olunduğu qeyd olunub.
Bu açıqlamalardan sonra İran mediası Hörmüz boğazından 30-dan çox gəminin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələrinin nəzarəti altında keçdiyini yazıb.
Məlumata görə, İran tərəfi bəzi gəmilərin keçidinin nəzarət altında həyata keçirildiyini və icazəsiz hərəkətə yol verilməyəcəyi barədə xəbərdarlıq edib.
Eyni zamanda, İran və Çin arasında aparılan razılaşmalar nəticəsində Çin gəmilərinin Hörmüz boğazından keçidinə dair xüsusi anlaşmanın əldə edildiyi bildirilir.
Hörmüz boğazı dünya neft ticarətinin mühüm hissəsinin keçdiyi strateji su yolu olaraq qalır və son hadisələr qlobal enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
Hörmüz boğazı ətrafında gərginlik davam edərkən, ekspertlər bölgədə vəziyyətin daha da kəskinləşə biləcəyi barədə xəbərdarlıq edirlər.
