Ağ Ev gizli "sülh sazişi"ni Kiyevə göndərib: Ukraynanın müqaviməti və Çinin müdaxiləsi ABŞ-ın planını pozur

Əgər, ABŞ münaqişə tərəflərinin mövqelərini yaxınlaşdırmağa nail olarsa, oktyabr görüşü uzunmüddətli sülh prosesinin başlanğıcına çevrilə bilər. Əks halda isə ABŞ-ın qurmağa çalışdığı yeni danışıqlar masasının yenidən Ukrayna savaşının davamına çevrilə biləcəyi qətiyyən şübhə doğurmur...

Ukrayna müharibəsinin siyasi-diplomatik həllinə yönəlik yeni cəhdlər intensivləşir. Rəsmi Kiyev bu istiqamətdə daha ciddi təmasların tezliklə bərpa oluna biləcəyini açıqlayıb. Belə ki, Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov mümkün yeni danışıqlar raundunun məhz oktyabrda keçirilməsinin planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, müzakirələrin əsas formatı üçtərəfli olacaq, Ukrayna, Rusiya və ABŞ nümayəndələri iştirak edəcəklər. Ancaq bu önəmli görüşün harada keçiriləcəyi isə hələlik məlum deyil.

Onu da qeyd etmək lazımdır ki, Rusiya tərəfi də belə bir görüşün keçirilməsini istisna etmir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Ukrayna üzrə üçtərəfli görüşün yaxın perspektivdə baş tutacağına ümid edir. Beləliklə, həm rəsmi Kiyev, həm də Kreml münaqişə tərəfləri arasında siyasi-diplomatik kanalın tamamilə bağlanmadığını təsdiqləyir.

Ancaq bununla belə, münaqişə tərəflərinin danışıqlar masasına hansı mövqedən oturacağı və mümkün razılaşmanın hansı şərtlər əsasında formalaşa biləcəyi məsələsində isə olduqca ciddi fikir ayrılıqları qalır. Əslində, hazırkı siyasi-diplomatik situasiyanın elə ən mürəkkəb tərəfi də məhz budur. Çünki Ukrayna danışıqlara hərbi baxımdan, daha güclü mövqedən getdiyini düşünür.

pr-zr-krJPG.JPG (57 KB)

Məsələ ondadır ki, prezident Volodimir Zelenskinin açıqlamalarına görə, Ukraynanın döyüş meydanındakı vəziyyəti ötən illə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb. O, həm də Rusiyanın hər ay 30 mindən çox itki verdiyini iddia edərək, Kremlin əldə etdiyi irəliləyişin çox baha başa gəldiyini vurğulayıb. Ona görə də, rəsmi Kiyev bunun nəticəsində danışıqlar masasına zəifləmiş deyil, məhz müəyyən hərbi və siyasi üstünlüklərə malik tərəf kimi çıxacağına əmindir.

Ancaq Kremlin mövcud vəziyyətə yanaşma tərzi tamamilə fərqlidir. Belə ki, Rusiyanın xarici İşlər naziri Sergey Lavrov Kremlin də danışıqlara hazır olduğunu bildirib. Ancaq o, danışıqların aparılması üçün hərbi əməliyyatların dayandırılmayacağını da açıq şəkildə bəyan edib. Və prezident Vladimir Putinə ikitərəfli görüş təklif edən Ukrayna liderinə müəyyən məsləhətlər verməyi də qətiyyən unutmayıb.

Belə ki, Sergey Lavrovun fikrincə, Ukrayna lideri Volodimir Zelenski Rusiya prezidenti ilə görüşmək istəyirsə, Moskvaya səfər etməlidir. Yəni, Kreml bir tərəfdən dialoqa hazır olduğunu göstərir, digər tərəfdən isə mümkün görüşün şərtlərini özü müəyyənləşdirməyə çalışır. Kremlin bu mövqeyi rəsmi Kiyevin Vaşinqtonda və ya başqa neytral məkanda Putin-Zelenski görüşünün keçirilməsi barədə təklifləri ilə ciddi ziddiyyət təşkil edir.

07dd7daf-71b0-47ce-9319-d2c5b238319f.jpg (199 KB)

Maraqlıdır ki, digər Kreml təmsilçisi Dmitri Peskov da G20 sammiti çərçivəsində Putin-Zelenski görüşünün mümkün olmadığını bildirib. O da Sergey Lavrov kimi, ikitərəfli görüşün məhz yalnız Moskvada baş tuta biləcəyini təkrarlayıb. Və bu baxımdan, indi əsas problem yalnız görüşün keçirilib-keçirilməyəcəyi deyil, məhz münaqişə tərəflərinin danışıqlar masasına hansı "ərazi xəritəsi" ilə gələcəyi ilə bağlıdır.

Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın vasitəçilik missiyasını bərpa etməyə can atan Ağ Evdən verilən son açıqlamalarda da məhz bu məqama işarə edilir. Prezident Donald Trampın xüsusi nümayəndəsi və kürəkəni Jared Kuşner bildirib ki, ABŞ sülh sazişinin əsas hissəsini artıq hazırlayıb. Onun sözlərinə görə, razılaşmanın qarşısındakı əsas əngəl məhz ərazi məsələsidir. Jared Kuşnerin izahına əsasən, Kreml Rusiya üçün tələb etdiyi ərazi xəttini artıq müəyyənləşdirib. Və Ukrayna həmin xəttə qədər geri çəkilməyə razılaşacağı təqdirdə, sazişin digər elementləri üzrə artıq müəyyən konsensus mövcuddur..

Təbii ki, Ağ Ev təmsilçisinin bu açıqlaması sülh danışıqlarındakı əsas düyününü kifayət qədər aydın şəkildə göstərir. Yəni, ABŞ üçün problem artıq yalnız müharibənin dayandırılması deyil, Rusiya və Ukrayna arasında "ərazi kompromisi"nin necə formalaşdırılacağıdır. Ona görə də, amerikalı vasitəçiləri indi bir tərəfdən, Ukraynanın mövcud mövqelərini nəzərə almağa çalışırlar. Və digər tərəfdən isə Rusiyanı münaqişəni dayandırmağa razı salacaq uyğun mexanizm də tapmağa cəhd göstərirlər.

Belə anlaşılır ki, Ağ Ev “hamısı və ya heç nə” prinsipi ilə deyil, məhz münaqişə tərəflərinin maksimal tələblərini müəyyən qədər uzlaşdıracaq daha yaradıcı həll variantı axtarışındadır. Ancaq bunun nə qədər real olduğu isə hələlik müəmmalı xarakter daşıyır. Çünki rəsmi Kiyev ərazi güzəştlərini qəbul etməyə hazır olmadığını nümayiş etdirir. Və Kreml isə Rusiyanın müəyyən etdiyi xətti danışıqların əsas şərtlərindən birinə çevirməyə cəhd göstərir.

0fe40283-27f6-42bb-8e8d-2bdfa4f7fced.jpg (176 KB)

Belə vəziyyətdə isə oktyabr danışıqlarının baş tutacağı təqdirdə, bu görüşün əsas gündəliyinin əvvəlki raundlardan daha sərt ola biləcəyi də qətiyyən istisna deyil. Çünki artıq problem yalnız atəşkəsin texniki mexanizmləri deyil, həm də müharibənin siyasi nəticələrinin rəsmiləşdirilməsinə yönəlik cəhdlərlə də bağlıdır. Və üstəlik, digər tərəfdən, sülh prosesi hazırda yalnız ABŞ-Ukrayna-Rusiya üçbucağından da ibarət deyil.

Məsələ ondadır ki, Kreml təmsilçisi Dmitri Peskovun sözlərinə görə, BRİKS sammitində Çin lideri Si Tsinpin də Ukrayna savaşının nizamlanmasına vasitəçilik etmək üçün prezident Vladimir Putinə rəsmi Pekinin xidmətlərini təklif edib. Bu önəmli məqam isə danışıqlar prosesinin artıq daha genişmiqyaslı geopolitik rəqabət müstəvisinə keçdiyini göstərir. Yəni, ABŞ əsas vasitəçi kimi rolunu qorumağa çalışarkən, BRİKS-in aparıcı dövlətlərindən olan Çin Ukrayna savaşı üzrə sülh prosesinə təsirlərini artırmaq istəyir.

Ona görə də, Ukrayna böhranı üzrə sülh prosesi indi həm də yeni qlobal təhlükəsizlik arxitekturasının formalaşdırılması uğrunda mübarizənin tərkib hissəsinə çevrilir. Bu baxımdan, qarşıdakı həftələrin Ukrayna savaşının siyasi-diplomatik taleyi üçün həlledici ola biləcəyi qətiyyən istisna deyil. Belə ki, əgər, ABŞ münaqişə tərəflərinin mövqelərini yaxınlaşdırmağa nail olarsa, oktyabr görüşü uzunmüddətli sülh prosesinin başlanğıcına da çevrilə bilər. Və əks haldasa, danışıqlar masasının yenidən savaşın davamına çevriləcəyi qətiyyən şübhə doğurmur./Musavat.com/

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki