Qara dəniz artıq adi dəniz yolu deyil. Burada gəmilər vurulur, dənizçilər ölür. Onların arasında azərbaycanlılar da var.
Bəs biz neçə vətəndaşımızın həyatını itirməsini gözləməliyik ki, bu təhlükənin qarşısını almaq üçün daha ciddi addımlar atılsın?
Dənizçilik həmişə riskli peşə olub. Fırtına, texniki qəza, yanğın, dəniz quldurları – bütün bunlar bu peşənin riskləri sırasında yer alıb. Lakin bu gün azərbaycanlı dənizçilərin üzləşdiyi təhlükə tamam başqadır.
Onlar müharibə gedən bölgələrin sularına daxil olurlar. Qara dəniz və Azov dənizində hərbi əməliyyatların genişlənməsi ilə burada üzən mülki gəmilər üçün də təhlükənin bir hissəsinə çevrilib. Dron hücumları artıq təkcə hərbi obyektləri deyil, yük və yedək gəmilərini də hədəfə alır. Bunun acı nəticəsini azərbaycanlı ailələr də yaşayır.
Bu ilin iyununda heyətində ümumilikdə 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə hücumlar zamanı dənizçilərimiz arasında ölən və yaralananlar oldu.
Sonrakı hadisələr isə təhlükənin davam etdiyini göstərdi. Avqust ayında Qara dənizdə azərbaycanlı dənizçilərin də olduğu “Volgo Balt 226” gəmisinə dron hücumu baş verdi. Sentyabrın 9-da isə Odessa yaxınlığında Somali bayrağı altında üzən “TEDY” yedək gəmisi bir neçə dəfə dron hücumuna məruz qaldı. Gəmidə dörd Azərbaycan vətəndaşı vardı. Hücumlar nəticəsində Aslan Əliyev və Asim Qasımov həlak oldu, İmran Novruzov və Rauf Əliyev isə yaralandı.
Bu artıq statistik rəqəm deyil, iki insanın ölümü və iki ailənin başına gələn faciədir. Azərbaycan Xarici İşlər Nazirliyi dəfələrlə vətəndaşlara təhlükəli bölgələrə getməmələri barədə xəbərdarlıq edib. Dövlət Dəniz və Liman Agentliyi də dənizçiləri həyat və sağlamlıqlarını hər şeydən üstün tutmağa çağırıb. Amma hadisələrin ardıcıllığı göstərir ki, sadəcə xəbərdarlıqla məsələni həll etmək mümkün deyil.
Burada çox çətin bir dilemma var: dövlət yetkin Azərbaycan vətəndaşına xarici ölkədə işləməyi tamamilə qadağan edə bilməz. Xarici gəmidə işə düzələn dənizçiyə də hər zaman “sən bu marşruta gedə bilməzsən” demək hüquqi baxımdan asan məsələ deyil. Digər tərəfdən, insanın öz həyatını riskə atması yalnız onun şəxsi məsələsi deyil. Çünki həmin insanın arxasında ailəsi dayanır.
Hüquqşünas Əkrəm Həsənovun fikrincə, bu məsələdə ən real vasitə maarifləndirmədir.
Onun sözlərinə görə, dövlət vətəndaşlara müəyyən ölkələrə və ərazilərə getməyi tamamilə qadağan edə bilməz. Dünyanın ən böyük dövlətləri belə öz vətəndaşlarına təhlükəli bölgələrə səfər etməmələri barədə tövsiyələr verirlər.
Ə.Həsənov hesab edir ki, bu məsələdə mətbuatın da üzərinə böyük məsuliyyət düşür. Təhlükə barədə məlumatlar nə qədər geniş yayılsa, həm dənizçinin özü, həm də onun ailəsi qərarın nəticələrini bir o qədər yaxşı qiymətləndirə bilər.
Ekspertin yanaşmasında maraqlı məqam da budur: yüksək maaş insanları riskə getməyə sövq edir. Dənizçi daha çox pul qazanmaq istəyir. Çünki ailəsi var, uşaqları var, evinin xərcləri var. Amma burada bir sual ortaya çıxır: insanın qazandığı pul onun həyatından qiymətli ola bilərmi?
İqtisadçı Natiq Cəfərli də problemin kökündə iqtisadi amilin dayandığını düşünür.
Onun fikrincə, dənizçilər yüksək əməkhaqqına görə riskli marşrutlara getməyə razılaşırlar. Dövlət isə xaricdə işləyən hər bir vətəndaşın harada işlədiyini və hansı gəmi ilə hansı marşrut üzrə hərəkət etdiyini tam nəzarətdə saxlaya bilməz. Bu baxımdan Xarici İşlər Nazirliyinin xəbərdarlıqları əhəmiyyətlidir. Lakin burada da başqa sual yaranır: Xəbərdarlıq kifayətdirmi?
Əgər eyni təhlükəli bölgədə Azərbaycan vətəndaşlarının olduğu gəmilər ardıcıl şəkildə hücuma məruz qalırsa, artıq məsələni yalnız “vətəndaş özü qərar verir” çərçivəsində saxlamaq kifayət etməyə bilər. Əslində, burada ən mühüm məsələlərdən biri də budur: Azərbaycanlı dənizçi müharibə və ya yüksək risk zonasına daxil olmaqdan imtina etdikdə onun hüquqları necə qorunur? Məsələn, dənizçi işə qəbul olunarkən ona marşrutun təhlükə səviyyəsi barədə tam məlumat verilirmi? O bilirmi ki, işləyəcəyi gəmi yaxın günlərdə müharibə zonasına daxil olacaq? Ona alternativ marşrut və ya iş imkanı təqdim olunurmu? Ən əsası isə - dənizçi “mən bu əraziyə getmək istəmirəm” dedikdə işini itirmək qorxusu yaşayırmı? Bu sualların hər birinə aydın cavab verilməlidir.
Çünki dənizçinin seçim hüququ formal deyil, real olmalıdır. “Qırmızı zona” sistemi yaradıla bilər. Dövlətin bu məsələdə görə biləcəyi işlər yalnız xəbərdarlıqla məhdudlaşmamalıdır. Məsələn, müharibə və hərbi əməliyyatların getdiyi dəniz əraziləri üzrə daim yenilənən “qırmızı zona” sistemi yaradılması mümkündür.
Azərbaycan vətəndaşı xaricdə dənizçilik işi təklifini qəbul etməzdən əvvəl həmin marşrutun risk səviyyəsini rəsmi mənbədən görə bilməlidir. Gəmiçilik şirkətləri də əməkdaşlarına marşrut barədə tam məlumat verməlidirlər. Əgər gəmi yüksək riskli əraziyə gedirsə, dənizçi bunu son anda deyil, işə başlamazdan əvvəl bilməlidir. Bundan başqa, belə ərazilərə gedən gəmilərdə çalışan azərbaycanlıların siyahısı və onların fövqəladə vəziyyət zamanı əlaqələndirilməsi üçün operativ mexanizm də düşünülə bilər. Bu, vətəndaşın azadlığını məhdudlaşdırmaq deyil. Əksinə, onun məlumatlı seçim hüququnu təmin etməkdir. Əlbəttə, heç kim dənizçinin çörək puluna mane olmaq istəmir. Bu insanların əksəriyyəti ailəsini dolandırmaq, övladlarının gələcəyini təmin etmək, ev almaq, borclarını bağlamaq üçün dənizə çıxır. Onların riskə getməsinin səbəbini anlamaq çətin deyil. Amma müharibə zonasına yaxın sularda işləmək artıq adi peşə riski deyil. Buna görə təhlükəli marşrutlara gedən dənizçilərlə bağlı maarifləndirmə yalnız dənizçilərin özlərinə deyil, onların ailələrinə də yönəlməlidir. Əsas məsələ növbəti azərbaycanlı dənizçinin adını ölüm siyahısına düşməmiş qorumaqdır./Musavat.com/
