Premyer Liqanın geridə qalan dörd həftəsində üç məğlubiyyət alan «Araz-Naxçıvan»da zaman Cavid Hüseynovun əleyhinə irəliləyir.
Cəmi 1 xalı olan və turnir cədvəlinin son pilləsində «yuva» salan «ağ-qırmızılar»da əsəblər tam tarıma çəkilib.
Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov kurasiya etdiyi klubun biabırçı çıxışını həzm etməyə çətinlik çəkir.
O, AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun xahişiylə baş məşqçi postuna əyləşdirdiyi mütəxəssisə sonuncu xəbərdarlığını edib.
Bu barədə məlumatı «Araz»ın düşərgəsindən almışıq.
Redaksiyamıza bildirilib ki, Axundov Hüseynovla görüşündə hədəfi konkret göstərib. NFF-nın başçısı komandanın çempionatda qalmaq yox, avrokuboklar uğrunda mübarizə aparmalı olduğunu deyib, sezonun əvvəlində kəsilən şərti xatırladıb.
Qeyd edib ki, çempionluğa iddialı rəqiblərlə qarşılaşmalarda «Araz»dan qələbə tələb etmir, sadəcə, 3 xala layiq oyun sərgiləməsini istəyir. Digər komandalarla görüşlərdə isə yalnız qalibiyyət gözləyir.
«Büdcəmiz keçənilki ilə müqayisədə bir neçə dəfə azalıb. Mən bunu başa düşürəm.
Heyətimiz həminki deyil. Ancaq biz yenə Avropaya çıxmağa çalışmalıyıq.
Bizim uda biləcəyimiz xeyli komanda var. «Kəpəz», «İmişli», «Qəbələ» və digərləri.
Əgər onlarla oyunlarda məğlubiyyət olsa, gərək məni bağışlayasan, yollarımız ayrılacaq» - hörmətli iş adamı söhbətə son nöqtəni qoyub./Sportinfo.az
