Qaradəniz Texniki Universitetinin (KTÜ) Geofizika Mühəndisliyi fakültəsinin Seysmologiya kafedrasının müəllimi Özgenç Akın Trabzonun zəlzələ baxımından təhlükəsiz bölgə olmadığını bildirib. Onun sözlərinə görə, Bingöl–Yedisu zonasında 7 baldan böyük zəlzələ ehtimalı mövcuddur və bu, Trabzon üçün ciddi problemlər yarada bilər.
AFAD-ın məlumatına əsasən, ötən gün saat 23:15 radələrində Trabzonun Ortahisar rayonundan təxminən 28 kilometr açıqda 3,8 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ ilə bağlı dəyərləndirmə aparan Akın bildirib ki, baş verən hadisə gözlənilməz deyil.
O qeyd edib ki, xüsusilə allüvial torpaqlarda və sürüşmə riski olan ərazilərdə yerləşən tikililər mütləq Türkiyə bina zəlzələ qaydalarına uyğun inşa edilməlidir. Əgər bu tələblər yerinə yetirilməyibsə, binalar yoxlanılmalıdır. Akın vurğulayıb ki, zəlzələnin gücü ilə şiddəti fərqli anlayışlardır: “Zəlzələnin böyüklüyü cihazlarla ölçülür, şiddəti isə hiss edilən sarsıntıya görə dəyişir. Zəif səthlərdə zəlzələ daha güclü hiss olunur. Bu son zəlzələdə də sahilə yaxın allüvial ərazilərdə sarsıntı daha çox hiss edildi”.
Özgenç Akın bildirib ki, Qara dənizdə daha əvvəl Gürcüstan və Bartın sahillərində 5–6 bal gücündə zəlzələlər baş verib və region seysmik baxımdan aktiv ərazidir. O əlavə edib ki, zəlzələ təhlükə xəritəsində göstərilən 0,2 g yer sürətlənməsi əsasən qayalı zeminlər üçün hesablanıb və bu, hər ərazi üçün eyni nəticəni vermir.
Mütəxəssis qeyd edib ki, Trabzon üçün əsas təhlükə dənizdəki xırda faylardan deyil, Şimali Anadolu Fay Zonasından (KAFZ) qaynaqlana bilər: “KAF çox böyük zəlzələlər yarada bilən fay xəttidir və bizə təxminən 150 kilometr məsafədə yerləşir. 1939-cu ildə baş vermiş 7,9 bal gücündə Erzincan zəlzələsində Trabzonda da insan tələfatı qeydə alınmışdı”.
Onun sözlərinə görə, Yedisu bölgəsində gözlənilən 7-dən böyük zəlzələ Trabzon üçün ciddi fəsadlar yarada bilər, xüsusilə allüvial ərazilərdə sarsıntı daha güclü hiss edilə bilər.
Sunami riski yoxdur
Özgenç Akın Trabzon və ətrafında həyatı təhlükəyə atacaq səviyyədə sunami riski olmadığını bildirib. O, sosial şəbəkələrdə “çilçıraqlar sallanmadı” kimi paylaşımların doğru olduğunu, bunun səbəbinin isə zəlzələnin yaxın məsafədə baş verməsi və yalnız ilkin P dalğasının hiss olunması ilə əlaqəli olduğunu izah edib.
“Çox qorxulu vəziyyət yoxdur”
Afterşok zəlzələlərin dəqiq proqnozlaşdırılmasının çətin olduğunu bildirən Akın, bu zəlzələ ilə bağlı ciddi narahatlığa əsas olmadığını deyib: “Bu hadisə xüsusi olaraq çox qorxulu deyil. Aşağı ehtimalla kiçik afterşok zəlzələlər baş verə bilər, lakin böyük bir zəlzələ gözləmirik”.
