Son illər sosial rifah, ailə münasibətləri və uşaq hüquqları ilə bağlı müzakirələrin mərkəzində dayanan aliment məsələsi yeni ildən etibarən yenidən gündəmə gəlib. Xüsusilə minimum yaşayış səviyyəsinin artması fonunda aliment məbləğlərinin yüksəldilməsi cəmiyyətdə müxtəlif suallar doğurur. Ən çox müzakirə edilən məqamlardan biri isə bu artımın əvvəlki illərdə müəyyən edilmiş aliment ödənişlərinə də şamil olunub-olunmamasıdır. Minlərlə ailəni və xüsusən də azyaşlı uşaqları birbaşa maraqlandıran bu məsələ hüquqi baxımdan necə tənzimlənir? Yeni ildən qüvvəyə minən aliment artımı köhnə boşanmalar üzrə təyin edilmiş məbləğlərə təsir edirmi, yoxsa əvvəlki ödənişlər dəyişməz qalır?
Referans Media xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Vəkillər Kollegiyasının üzvü Mehman Muradlı bildirib ki, aliment məbləğinin artırılması yalnız cari ildən hesablanır və əvvəlki qərarlarla müəyyən olunmuş ödənişlərə şamil edilmir.
Onun sözlərinə görə, yeni məbləğlər yanvar ayından etibarən tətbiq olunur:
“Alimentin artırılması yanvar ayından hesablanır. Köhnə aliment ödənişləri əvvəlki məbləğdə qalır. Hər il artım yalnız mövcud aliment məbləğinə uyğun olaraq həyata keçirilir və bu dəyişikliklər daha əvvəl boşanmış şəxslərə şamil olunmur.”
Vəkil qeyd edib ki, alimentin məbləği yalnız məhkəmə qərarı və ya qanunvericilikdə nəzərdə tutulan mexanizmlər əsasında dəyişdirilə bilər.























