Almaniya və Polşa çərşənbə günü yeni müdafiə əməkdaşlığı sazişi imzalayaraq mürəkkəb tarixi keçmişi bir kənara qoyub Avropada hərbi əməkdaşlığı gücləndirmək istiqamətində mühüm addım atıblar. Bu qərar Rusiyadan qaynaqlanan təhlükəsizlik risklərinin artdığı və ABŞ-ın Avropadakı hərbi iştirakının gələcəyi ilə bağlı qeyri-müəyyənliyin davam etdiyi bir dövrdə qəbul edilib.
Referans MEDİA bildirir ki, İki ölkə arasındakı münasibətlər, xüsusilə Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumundan və 2023-cü ildə Polşada liberal hökumətin hakimiyyətə gəlməsindən sonra daha praqmatik xarakter alıb.
Varşavada almaniyalı həmkarı Boris Pistorius ilə birgə mətbuat konfransında çıxış edən Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib:
“Biz keçmişi unutmuruq. Lakin gələcəyin siyasəti, inkişaf və təhlükəsizlik bizim borcumuzdur.”
ABŞ-ın Avropadakı hərbi qüvvələrinin bir hissəsini geri çəkməyi nəzərdən keçirdiyi bir vaxtda Polşa qitənin şərq cinahının müdafiəsində əsas Avropa müttəfiqlərinin daha böyük rol oynamasını istəyir.
Digər tərəfdən, Almaniya uzun illər diqqətdən kənarda qalan Bundesver ordusunu yenidən gücləndirmək və NATO-nun Avropa hissəsində ən güclü ənənəvi ordu yaratmaq məqsədilə tərəfdaşlarla əməkdaşlığı genişləndirir. Berlin hesab edir ki, bu proses gələcək illərdə Almaniyanı Avropa müdafiəsinin əsas sütunlarından birinə çevirəcək.
Ukrayna üçün mühüm logistika mərkəzinə çevrilən, sürətlə inkişaf edən iqtisadiyyata və müdafiə sahəsinə böyük investisiyalar yatıran Polşa Almaniya və digər aparıcı Avropa dövlətləri üçün strateji tərəfdaş hesab olunur.
Polşa müdafiə nazirinin müavini Sezari Tomçık bildirib:
“Polşa güclü ordu qurmağa Qərbi Avropanın bir çox ölkəsindən daha əvvəl başlayıb. Buna görə də hərbi imkanlar baxımından ön sıralardayıq.”
O əlavə edib ki, Polşa regionla bağlı qərarların ölkəsinin iştirakı olmadan qəbul edilməsini qətiyyən qəbul etmir.
Almaniya kansleri Fridrix Merts isə daha əvvəl Polşanın Baş naziri Donald Tusk ilə görüşündən sonra belə demişdi:
“Biz almanların bərabərhüquqlu tərəfdaş kimi güclü Polşaya ehtiyacı var. Bu, Almaniyanın fundamental maraqlarına uyğundur.”
