Dəniz kənarına gedənlərin NƏZƏRİNƏ! Qayalıqlarda gizlənən bu təhlükə nədir?

Son vaxtlar Qara və Xəzər dənizlərinin sahillərində ilanların daha tez-tez müşahidə olunması ilə bağlı məlumatlar yayılır. Mütəxəssislər bunu havaların istiləşməsi, daşqınlar və su hövzələrinin ekoloji vəziyyətindəki dəyişikliklərlə əlaqələndirirlər.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyinin sədri Təvəkkül İsgəndərov bildirib ki, Qara dəniz və Xəzər dənizi ekocoğrafi baxımdan fərqli ekosistemlərdir.

Onun sözlərinə görə, Qara dəniz okeanla əlaqəsi olan su hövzəsidir və Xəzərlə müqayisədə daha rütubətli və nisbətən sərin ekoloji şəraitə malikdir:

“Xəzər dənizi isə okeanla əlaqəsi olmayan, göl tipli qapalı su hövzəsidir. Burada temperatur daha yüksək, rütubət isə daha aşağıdır. Sahil ərazilərinin böyük hissəsini meşələr deyil, yarımsəhra və bozqır landşaftları təşkil edir”.

Ekspert qeyd edib ki, bu fərqlər hər iki dənizin ətrafında yaşayan fauna növlərinə də təsir göstərir:

“Xəzərsahili ərazilərdə istiliksevər və günəşsevər fauna üstünlük təşkil edir. Abşeron da daxil olmaqla bu ərazilər sürünənlərlə daha zəngindir. Burada 7-yə yaxın kərtənkələ, 10-a qədər ilan və bir neçə tısbağa növünə rast gəlinir”.

Təvəkkül İsgəndərov bildirib ki, Qara dəniz sahillərində isə daha rütubətli və meşəlik ekosistemlər üstünlük təşkil etdiyindən ilan növlərinin sayı nisbətən azdır. Bununla belə, hər iki bölgədə su ilanlarına rast gəlinir.

Onun sözlərinə görə, Xəzər dənizinin daşlı və qayalı sahilləri su ilanları üçün əlverişli yaşayış mühitidir:

“Bu ilanlar əsasən kiçik balıqlarla və balıq körpələri ilə qidalanır. Buna görə də dəniz sahilindəki qayalı və daşlıq ərazilərdə onların daha sıx məskunlaşması müşahidə oluna bilər”.

Ekspert vurğulayıb ki, son aylarda ilanların daha çox görünməsi onların sayının artması ilə deyil, mövsümi fəallığın yüksəlməsi ilə bağlıdır:

“Qış aylarında ilanlar qışlama dövründə olduqları üçün görünmürlər. Havalar isinən kimi qışlama yerlərindən çıxaraq fəallaşırlar. Yaz aylarında həm qidalanma, həm də çoxalma dövrü başladığı üçün onların hərəkətliliyi artır”.

İsgəndərov qeyd edib ki, aprel-may aylarında ilanların reproduktiv dövrü olduğundan onların fəallığı daha yüksək olur:

“Bu dövrdə ilanlar cütləşmə və yumurta qoyma mərhələsində olduqları üçün daha çox müşahidə edilirlər. Eyni zamanda insanlar da yaz aylarında təbiətdə və açıq ərazilərdə daha çox vaxt keçirdiklərindən qarşılaşma halları artır”.

Ekspert əlavə edib ki, güclü yağışlar, sel və daşqınlar da ilanların qeyri-adi yerlərdə görünməsinə səbəb ola bilər:

“Qışlama yerlərinin su altında qalması və ya güclü axınlar nəticəsində ilanlar müəyyən ərazilərdən sürüklənərək başqa yerlərdə toplu şəkildə görünə bilərlər. Belə hallar həm Qara dəniz, həm də Xəzərsahili ərazilərdə müşahidə oluna bilər”.

Onun sözlərinə görə, yayın daha isti dövrlərində ilanların fəallığı əsasən səhər və axşam saatlarında müşahidə olunur:

“Gündüz saatlarında yüksək temperatur səbəbindən onlar kölgəlik və sığınacaq yerlərdə gizlənirlər. Hava sərinləşdikdən sonra yenidən aktivləşirlər”.

Təvəkkül İsgəndərov vurğulayıb ki, ilanların isti aylarda daha çox görünməsi təbii prosesdir və burada qeyri-adi hal yoxdur:

“İlanlar öz təbii həyat dövrünü yaşayırlar. Soyuq aylarda gizlənir, havalar istiləşdikdə isə fəal mərhələyə keçirlər. Buna görə də yaz və yay aylarında onlara daha çox rast gəlinməsi normal və gözlənilən haldır”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki