Avronun ucuzlaşması və rus rublunun bahalaşması son günlər diqqət çəkən əsas iqtisadi mövzulardan biridir.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu proseslərin bir neçə əsas səbəbi var. Onun sözlərinə görə, avronun dəyərinin düşməsi Avropa iqtisadiyyatında qeyri-müəyyənliyin artması, inflyasiyanın yüksək səviyyədə qalması və enerji qiymətləri ilə bağlı risklərlə əlaqədardır.
İqtisadçı qeyd edib ki, rus rublunun möhkəmlənməsi isə əsasən ölkənin enerji ixracından əldə etdiyi gəlirlərin artması, valyuta ehtiyatlarının idarə olunması və bəzi idxal məhdudiyyətlərinin tətbiqi ilə izah olunur. O vurğulayıb ki, bu dəyişikliklər qlobal iqtisadi proseslərlə birbaşa bağlıdır və enerji bazarı, beynəlxalq ticarət və investisiya axınları valyuta məzənnələrinə ciddi təsir göstərir.
Akif Nəsirlinin sözlərinə görə, bu dəyişikliklər Azərbaycan üçün də bir sıra təsirlər yaradır. Avronun ucuzlaşması Avropadan idxal olunan məhsulların qiymətinin aşağı düşməsinə səbəb ola bilər və bu, bəzi istehlak mallarının daha əlçatan olmasına şərait yaradır. Digər tərəfdən, rublun bahalaşması Rusiya ilə ticarət edən şirkətlər üçün xərclərin artmasına gətirib çıxara bilər, xüsusilə enerji və sənaye məhsullarının alışında bu daha çox hiss olunur.
Ekspert əlavə edib ki, bu proseslər həm idxal qiymətlərinə, həm də son məhsulların bazar dəyərinə təsir göstərir.
Valyuta seçimi ilə bağlı danışan iqtisadçı bildirib ki, vətəndaşlar üçün ən uyğun yanaşma məqsəddən asılı olaraq dəyişir. Qısa müddətli əməliyyatlar və gündəlik ödənişlər üçün milli valyutadan istifadə daha məqsədəuyğundur, çünki bu halda məzənnə riski minimal olur.
Uzunmüddətli yığım və sərmayə üçün isə valyutaların diversifikasiyası tövsiyə edilir. Onun sözlərinə görə, müəyyən vəsaitin ABŞ dolları və ya avroda, digər hissəsinin isə daha sabit hesab olunan valyutalarda saxlanılması riskləri azalda bilər. Eyni zamanda, Rusiya ilə ticarət və ya ödənişlər həyata keçirən şəxslər üçün rublda əməliyyat aparmaq maliyyə xərclərini azalda bilər.
İqtisadçı sonda qeyd edib ki, avro və rublun məzənnə dəyişiklikləri həm qiymətlərə, həm də vətəndaşların maliyyə qərarlarına təsir göstərir. Ona görə də qısa müddət üçün milli valyutaya üstünlük verilməsi, uzun müddətdə isə müxtəlif valyutaların balanslı şəkildə saxlanılması daha məqsədəuyğun hesab olunur.
Gülnaz Abdullazadə
