Rumıniya Parlamentinin Deputatlar Palatası (aşağı palata) ölkənin Moldova ilə birləşməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Sözügedən sənəd cari ilin fevral ayında avroparlamentari Diana Şoşoaka tərəfindən irəli sürülüb.
Referans Media xəbər verir ki, bu barədə "Gândul" portalı məlumat yayıb.
Təşəbbüs parlamentin reqlamentində nəzərdə tutulan xüsusi "səssiz qəbul" proseduruna əsasən təsdiqlənib. Qaydalara görə, 45 gün ərzində plenar iclasda baxılmayan və rədd edilməyən layihələr avtomatik olaraq qəbul edilmiş sayılır. Bununla belə, aşağı palatanın qərarı yekun xarakter daşımır — qanun layihəsi son qərar üçün parlamentin yuxarı palatasına, yəni Senata göndərilib.
İki ölkənin birləşməsi ideyası Kişinyovda da ən yüksək səviyyədə dəstəklənir. 2026-cı ilin yanvarında Moldova Prezidenti Mayya Sandu bəyan etmişdi ki, əgər referendum keçirilərsə, Moldova və Rumıniyanın birləşməsinə "hə" səsi verərdi:
"Moldova kimi kiçik bir ölkənin demokratik, suveren dövlət olaraq sağ qalması və Rusiyaya müqavimət göstərməsi getdikcə çətinləşir", — deyə Sandu öz mövqeyini izah edib.
Bu fonda Kişinyov postsovet keçmişi ilə əlaqələri tamamilə kəsmək və Avropa İttifaqına yaxınlaşmaq kursunu qətiyyətlə davam etdirir. 2026-cı ilin aprelində Moldova parlamenti MDB-nin yaradılması haqqında Sazişin və Birliyin Nizamnaməsinin denonsasiya edilməsi (ləğvi) barədə qanunları son oxunuşda qəbul edib. Bu addım Rusiyanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini pozması ilə əsaslandırılıb.
Xatırladaq ki, Moldova hələ 2022-ci ildə Aİ-yə üzvlük üçün müraciət edib, 2024-cü ildə isə ölkə vətəndaşlarının əksəriyyəti referendumda avrointeqrasiyanı dəstəkləyib. Həmin vaxt Mayya Sandu ikinci müddətə prezident seçilib, 2025-ci ilin sentyabrında isə onun rəhbərlik etdiyi "Fəaliyyət və Həmrəylik" partiyası parlament seçkilərində konstitusiya çoxluğunu qoruyub saxlaya bilib.
