İtaliyanın Baş naziri Corciya Meloni ilə ABŞ Prezidenti Donald Tramp arasında yaranan gərginlik Fransa və İtaliyanı bir-birinə daha da yaxınlaşdıra bilər.
Referans Media xəbər verir ki, bu barədə “Politico” nəşri keçmiş yüksəkvəzifəli fransız rəsmiyə istinadən məlumat yayıb.
“Meloni 2022-ci ildə hakimiyyətə gəldikdən sonra Fransa Prezidenti Emmanuel Makron onunla münasibətləri yaxşılaşdırmağa çalışsa da, İtaliya lideri buna xüsusi maraq göstərməyib. Lakin son dövrdə Meloni ilə Tramp arasında baş verən qalmaqal Paris və Romanın yaxınlaşması üçün yeni imkan yaradır”, – deyə bildirilib.
Xatırladaq ki, Tramp Meloni ilə dost münasibətlərinin artıq qalmadığını deyib.
ABŞ prezidenti İtaliyanın İrana qarşı hərbi əməliyyatlar zamanı Vaşinqtona dəstək verməməsini tənqid edib. O, həmçinin Meloninin Fransada keçirilən G7 sammitində onunla birgə şəkil çəkdirmək üçün israr etdiyini iddia edib.
Meloni isə bu iddiaları “tamamilə uydurma” adlandıraraq rədd edib. İtaliya hökumət başçısı bildirib ki, Tramp Qərbin köhnə və etibarlı müttəfiqlərinə deyil, onun rəqiblərinə daha çox hörmət göstərir.
