Atanın 33 illik zəhməti boşa getmədi: qızı fakültə birincisi oldu - VİDEO

Türkiyənin Adana şəhərində illərlə ailəsinin dolanışığını tullantı kağız toplayaraq təmin edən ata övladının uğuru ilə qürur yaşayıb. 33 il zəhmətlə çalışan Adnan Aslanın qızı Lətifə Aslan universiteti fakültə birincisi kimi başa vurub.

Referans Media xəbər verir ki, Adnan Aslan uşaqlarının təhsil alması üçün uzun illər küçələrdə çalışaraq ailəsini dolandırıb. O, övladlarının özünün yaşadığı çətinlikləri yaşamaması üçün bütün imkanlarını onların gələcəyinə yönəltdiyini bildirib.

Atasının zəhmətinin qarşılığını uğuru ilə vermək istəyən Lətifə Aslan isə Çukurova Universitetinin Turizm və Səyahət Xidmətləri ixtisasını birinciliklə tamamlayıb. Hazırda dövlət qulluğuna qəbul imtahanına hazırlaşdığını deyən gənc qız təhsilini və şəxsi inkişafını davam etdirmək niyyətində olduğunu bildirib.

Adnan Aslan çıxışında valideynlərə və gənclərə də çağırış edib. O qeyd edib ki, valideynlərin övladları üçün göstərdiyi fədakarlıq görünməli və bu zəhmət uğurla qarşılanmalıdır.

Latifə Aslan isə atasını həyatının ən böyük qəhrəmanı adlandıraraq, ailəsi üçün çəkdiyi əziyyətə görə ona minnətdar olduğunu bildirib. Onun sözlərinə görə, universitet təhsili vacib olsa da, həyatın öyrətdikləri də ən az onun qədər dəyərlidir.

Bu hekayə sosial şəbəkələrdə də geniş rəğbətlə qarşılanıb və ata-övlad münasibətinin nümunəsi kimi dəyərləndirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki