Bu ölkədə FÖVQƏLADƏ VƏZİYYƏT elan edildi: dağıntının miqyası havadan və dənizdən göründü

Venesuelada ard-arda baş verən 7,5 və 7,2 bal gücündə zəlzələlər ölkədə ağır dağıntılara səbəb olub. Xüsusilə La Guaira sahilində yaranan dağıntının miqyası dənizin ortasından belə görünüb. Çökmüş binalardan havaya qalxan nəhəng toz buludları balıqçıların kamerasına düşüb.

Referans Media xəbər verir ki, hadisə zamanı dənizdə olan balıqçılar sahil istiqamətində yüksələn sıx toz buludlarını görəndə əvvəlcə nə baş verdiyini anlaya bilməyiblər. Bir neçə saniyə sonra isə bölgədə güclü zəlzələnin baş verdiyi məlum olub. Kadrlarda balıqçıların yaşadığı təşviş və çaşqınlıq anbaan əks olunub.

39 saniyə fərqlə qeydə alınan iki güclü yeraltı təkan ölkənin müxtəlif bölgələrində hiss olunub. Ən böyük zərər isə sahilyanı ərazilərdə qeydə alınıb. Bir sıra yaşayış binaları və obyektlərə ciddi ziyan dəyib.

Hadisədən sonra ölkə üzrə fövqəladə vəziyyət elan edilib. Axtarış-xilasetmə qrupları dağıntılar altında qalan insanların xilas edilməsi üçün fəaliyyətini davam etdirir. Eyni zamanda, Simon Bolivar Beynəlxalq Hava Limanının fəaliyyəti dayandırılıb, təhsil müəssisələrində dərslər müvəqqəti olaraq dayandırılıb.

Rəsmi məlumatlara görə, zəlzələlər nəticəsində azı 32 nəfər həyatını itirib, 700-dən çox insan yaralanıb. Rəsmilər ölən və yaralananların sayının arta biləcəyini bildirirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki