Avropalı keçmiş nazirlər, səfirlər və yüksək vəzifəli şəxslərdən ibarət 350 nəfər Avropa İttifaqı ilə İsrail arasında olan Ortaqlıq Sazişinin dayandırılmasına çağırıb.
Onlar 21 aprel tarixində keçiriləcək xarici işlər nazirlərinin toplantısı öncəsi yaydıqları bəyanatda İsrailin Qəzza, Qərbi Şəriyə və Şərqi Qüdsdə işğal siyasətini davam etdirdiyini bildirib. Həmçinin qeyri-qanuni məskunlaşma, yeni tikinti planları və E1 dəhlizi ilə bağlı addımların gündəmdə olduğu qeyd edilib.
Bəyanatda Qəzzada humanitar yardımların məhdudlaşdırıldığı, BMT və beynəlxalq təşkilatların fəaliyyətinə maneələr yaradıldığı vurğulanıb. İsrailin bəzi fələstinlilərə tətbiq etdiyi ölüm hökmü də tənqid olunub.
İmzacı şəxslər AB-nin insan haqları prinsiplərinə zidd addımlar səbəbindən bu sazişin tam və ya qismən dayandırılmasını, qanunsuz məskunlaşmalarla ticarətin və hərbi əməkdaşlığın dayandırılmasını, eləcə də sanksiyaların genişləndirilməsini tələb ediblər.
