"Eterna" iflas elan edib və 163 illik fəaliyyətini dayandırmaq qərarı alıb. Şirkətin bağlanması Avropa tekstil sektorunda ciddi rezonans doğurub.
Referans Media xəbər verir ki, 1863-cü ildə Almaniyada qurulan köklü tekstil markası maliyyə böhranı səbəbindən fəaliyyətini tamamilə dayandırır. Qərara əsasən, şirkətin istehsal müəssisələri və 34 mağazası iyun ayının sonuna qədər bağlanacaq.
İflas prosesi çərçivəsində "Eterna" məhsulları mağazalarda yarı qiymətinə satışa çıxarılıb. Bu endirim kampaniyası stokların tamamilə boşaldılması məqsədi daşıyır.
Məlumata görə, şirkətdə çalışan 400 əməkdaş işdən çıxarılıb. Artan istehsal xərcləri, satışların azalması və qlobal iqtisadi qeyri-müəyyənliklər markanın davamlı fəaliyyətini mümkünsüz edib.
Mütəxəssislər bildirirlər ki, Avropada tekstil və geyim sənayesində son illərdə iflas halları artmaqdadır və bu tendensiyanın davam etməsi ehtimal olunur.
