Ermənistana təbii qaz tədarükünün diversifikasiyası vacib məsələdir və bu mövzu hazırda İran və Azərbaycanla müzakirə olunur.
Referans Media xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı, baş nazir Nikol Paşinyanın "Mülki müqavilə" partiyasının üzvü Sarkis Xandanyan jurnalistlərə müsahibəsində bildirib.
![]()
"Rusiyadan idxal olunan təbii qazın qiymətinin dəyişə biləcəyi ilə bağlı bəyanatlarla tanış deyiləm. Bununla belə, belə bir vəziyyət yaranarsa, biz rusiyalı tərəfdaşlarımızla bu məsələni dostluq mühitində müzakirə edəcəyik. Lakin təbii ki, bu məsələdə diversifikasiya çox böyük əhəmiyyət kəsb edir", - deyə o vurğulayıb.
Deputatın sözlərinə görə, İrandan qaz tədarükünün həcminin artırılması imkanları iyul ayında Ermənistanın ərazi idarəetmə və infrastrukturlar nazirinin bu ölkəyə səfəri zamanı da müzakirə olunub.
"Biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik", - deyə Xandanyan bildirib.
O, həmçinin Azərbaycandan qaz tədarükü ssenarisinin də istisna edilmədiyini diqqətə çatdırıb: "Bununla yanaşı, TRIPP layihəsi ("Tramp marşrutu" - Azərbaycanın əsas ərazisini Ermənistan ərazisindən keçən 42 kilometrlik yolla Naxçıvan Muxtar Respublikası və daha sonra Türkiyə ilə birləşdirəcək layihə) çərçivəsində Ermənistan ərazisindən qaz kəmərinin çəkilməsi də nəzərdə tutulur. Bu, sözügedən qaz kəmərinin imkanlarından yararlanmaq üçün əlavə fürsət və əlavə mənbədir", - deyə Xandanyan qeyd edib
