Azərbaycanda nominal gəlirlərin artdığı açıqlansa da, vətəndaşların böyük hissəsi bu artımı gündəlik həyatında hiss etmir. İqtisadçılar bildirirlər ki, əsas səbəb inflyasiya və zəruri məhsulların qiymətlərinin daha sürətlə bahalaşmasıdır. Ekspertlərin fikrincə, ölkədə “nominal rifah” ilə “real rifah” arasında ciddi fərq yaranıb.
Mövzu ilə bağlı Referans Media-ya danışan iqtisadçı Asif İbrahimov bildirib ki, nominal gəlir anlayışı ilə real gəlir anlayışı tamamilə fərqli məsələlərdir:
“Nominal gəlirlərin artdığı açıqlansa da, əhali bunu gündəlik həyatında hiss etmir. Çünki nominal gəlir anlayışı ilə real gəlir anlayışı fərqli amillərdir. Əgər inflyasiya indeksi nominal gəlir artımından yüksəkdirsə, vətəndaş bu artımı öz cibində hiss etmir.
Bu vəziyyəti iqtisadiyyatda Engel qanunu ilə izah etmək mümkündür. Gəliri aşağı olan ailələr büdcələrinin böyük hissəsini ərzaq və digər zəruri tələbatlara xərcləyirlər. Gəlir artsa belə, əsas istehlak mallarında qiymətlər yüksəlirsə, həmin ailələrin rifahında ciddi dəyişiklik baş vermir”.
İqtisadçı qeyd edib ki, hazırda Azərbaycanda insanların qazancının böyük hissəsi gündəlik tələbatlara sərf olunur:
“Azərbaycandakı vəziyyəti Engel qanunu prizmasından izah etsək, vəziyyət kifayət qədər kritikdir. İnsanlar gəlirlərinin 60-70 faizini qidaya xərcləyirlər. Rəsmi statistikada nominal gəlirlərin 8,8 faiz artdığı göstərilir. Lakin ərzaq, kommunal xidmətlər, nəqliyyat, kirayə və dərman xərcləri daha sürətlə bahalaşdığı üçün əhalinin böyük hissəsi bu artımı real həyatında hiss etmir.
Çünki aşağı və orta gəlirli ailələrin büdcəsində əsas pay gündəlik zəruri xərclərin üzərinə düşür. Engel qanununa görə də belə ailələr inflyasiyanı daha ağır hiss edirlər”.
Ekspert vurğulayıb ki, yüksək gəlirli ailələrlə müqayisədə aşağı gəlirli ailələr bahalaşmadan daha çox təsirlənirlər:
“Yüksək gəlirli ailə üçün bahalaşma müəyyən komfort itkisi yarada bilər. Amma aşağı gəlirli ailə üçün bu, birbaşa həyat səviyyəsinə təsir edir. Ərzaq və kommunal xərclər ailə büdcəsinin əsas hissəsini tutduğuna görə, maaş artımı bazardakı qiymət artımını kompensasiya etmirsə, real alıcılıq qabiliyyəti zəifləyir. Statistik gəlir artır, amma vətəndaşın istehlak imkanları genişlənmir”.
Asif İbrahimovun sözlərinə görə, Engel qanunu gəlir bərabərsizliyinin dərinləşdiyini göstərən əsas göstəricilərdən biridir:
“Əhalinin aşağı gəlirli hissəsi gəlirinin böyük hissəsini qida və zəruri ehtiyaclara xərcləməyə davam edirsə, bu, orta təbəqənin zəiflədiyini göstərir. Yəni iqtisadi artım rəqəmlərdə görünə bilər, amma həmin artım əhalinin bütün təbəqələrinə bərabər paylanmır.
Azərbaycanda əsas problem ‘nominal rifah’ ilə ‘real rifah’ arasındakı fərqdir. Engel qanunu prizmasından baxdıqda görünür ki, gəlirlərin artması yalnız o halda real sosial rifaha çevrilə bilər ki, zəruri istehlak mallarının qiymət artımı nəzarətdə saxlanılsın və ailələrin ərzaq xərclərinin ümumi büdcədəki payı azalsın. Hazırda isə əks proses müşahidə olunur — insanlar gəlirlərinin daha böyük hissəsini sadəcə gündəlik yaşamaq üçün xərcləməyə məcbur qalırlar”.
Gülnaz Abdullazadə
