Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Kəlbəcərdə Bal festivalında iştirak ediblər.
Referans Media xəbər verir ki, diplomatlar arıçı fermerlərin təqdim etdikləri müxtəlif növ bal və arıçılıq məhsullarına baxış keçirib, istehsal prosesi, keyfiyyət göstəriciləri barədə məlumat alıblar. Onlar arıçılarla mövsümi məhsuldarlıq və satış imkanları barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, festival Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, dövlət qurumlarının məsul şəxsləri, yerli sakinlər iştirak ediblər.
