Kəlbəcər sakinləri ağır faciələrdən keçsələr də, öz əzmini, inamını və qürurunu itirməyiblər.
Referans Media Teleqraf-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərdə Bal Yarmarkasının açılışında bildirib.
Hikmət Hacıyev Kəlbəcər sakinlərinin yaşadığı faciələrdən danışıb.
O qeyd edib ki, Kəlbəcərdən didərgin düşən sakinlərin ilk sığınacaq tapdığı yerlərdən biri Gəncə şəhəri olub:
“Onlar ayaqyalın, başıaçıq, köməksiz və qidasız vəziyyətdə Gəncəyə gəliblər. Həmin dövrdə yerləşdirildikləri ilk məntəqələrdən biri Gəncə Dövlət Texnologiya Universitetinin yataqxanası olub. Mən o günləri hələ də böyük faciə hissi ilə xatırlayıram.
Yaşımın az olmasına baxmayaraq, Kəlbəcər sakinlərinin böyük və ağır əzablardan keçərək, o qarlı-şaxtalı günlərdə Gəncə şəhərinə gəlib çatdıqları yaxşı yadımdadır.
Amma Kəlbəcər sakinləri, Kəlbəcərlilər öz əzmini, inamını və qürurunu itirmədilər.
Tunel faciəsini hələ də xatırlayırıq. Tunelin çıxacağında erməni terrorçu Monte Melkonyanın dəstəsi pusqu qurmuşdu. Xocalı faciəsi qədər ağır bir faciə baş verdi. Biz bunları unutmamalıyıq. Bunlar tariximizin bir hissəsidir.
Həmin vaxt Kəlbəcərlərə ağır divan tutuldu. Öz namusunu, qeyrətini qoruyan kəlbəcərli bacılarımızın özlərini Tərtər çayına atması kimi faciəli hadisələr yaşandı. Bunları danışmaq hər birimiz üçün çətindir.
Amma çox xoş hissdir ki, həmin ağrılı günlər artıq keçmişdə qalıb. Biz bu gün gözəl Kəlbəcərdəyik.
Mənim uşaqlıq illərində Kəlbəcərdə olmaq imkanım olmayıb. Kəlbəcərli dostlarımız, yoldaşlarımız Kəlbəcərin gözəlliyindən danışırdılar. Təsəvvür edirdim, amma bu qədər gözəl olduğunu həqiqətən təsəvvür edə bilmirdim. Kəlbəcər çox gözəldir.
Bu gün cənab Prezidentin siyasəti nəticəsində biz doğma Kəlbəcərdəyik. Kəlbəcər yenidən qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Bundan sonra da cənab Prezidentin siyasəti əsasında burada daha böyük işlər görüləcək”.
Hikmət Hacıyev bu münasibətlə bütün kəlbəcərliləri təbrik edib və müxtəlif ölkələrdən gələn diplomatların Kəlbəcərdə qonaqpərvərliklə qarşılanmasına görə sakinlərə təşəkkürünü bildirib.
