Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib.
Referans Gürcüstanın Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, nazirlər regionda təhlükəsizlik mühitini müzakirə ediblər.
Tərəflər bölgədə sülhə və konstruktiv əməkdaşlığa töhfə verən üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətini vurğulayıblar.
Nazirlər müdafiə sektorunda həyata keçirilən islahatlarla bağlı məlumat paylaşıblar.
Üçtərəfli görüş başa çatdıqdan sonra nazirlər birgə bəyannamə imzalayıblar.
Gürcüstanın müdafiə naziri İrakli Çikovani üçtərəfli əməkdaşlıq formatının üç ölkənin silahlı qüvvələrinin qarşılıqlı fəaliyyət qabiliyyətinin gücləndirilməsinə töhfə verdiyini bildirib. Bu xüsusda üçtərəfli təlimlərin dinamikası və hərbi təhsil sahəsində əməkdaşlıq vurğulanıb.
Qeyd edilib ki, müdafiə sahəsində üçtərəfli əməkdaşlıq regional təhlükəsizliyi gücləndirmək və müdafiə qüvvələri arasında sıx əlaqələr yaratmaq məqsədi daşıyır.
Gələn il müdafiə nazirlərinin üçtərəfli görüşünə Azərbaycan ev sahibliyi edəcək.























