Azərbaycan və NATO arasında əməkdaşlıq müzakirə olundu

Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Bu barədə Referans Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ​oktyabrın 16-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev "Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü" təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünü qiymətləndirmə təlimi çərçivəsində NATO-nun nümayəndə heyəti ilə görüşüb.

​General-polkovnik K.Vəliyev peşəkar hərbi kadrların hazırlanmasında Azərbaycan ilə NATO arasında münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini və bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

​NATO-nun dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında böyük rola malik olduğu bildirilən görüşdə qarşılıqlı səfərlərin, müxtəlif formatlarda keçirilən görüşlərin, təlimlərin və kursların vacibliyi diqqətə çatdırılıb.

​Tərəflər həmçinin NATO ilə hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki