Restoran və kafelərdə menyuya baxmaq üçün istifadə olunan QR-kodlar kibertəhlükəsizlik riskləri yarada bilər. Saxta kodlar vasitəsilə istifadəçilər saxta saytlara yönləndirilə, bank kartı məlumatlarını daxil etməyə təhrik oluna, sosial şəbəkə hesablarını itirə və zərərli proqramlar yükləyə bilərlər.
Referans Media-ya açıqlama verən İT mütəxəssisi Seyran Tağıyev bildirib ki, QR-kodlar vasitəsilə QR phishing metodundan istifadə etməklə bir neçə növ kiberhücum həyata keçirmək mümkündür.
Onun sözlərinə görə, QR-kodu skan edən müştəri saxta sayta yönləndirilərək bank kartı məlumatlarını daxil etməyə təhrik oluna bilər. Həmçinin sayta giriş adı ilə sosial şəbəkə hesabları oğurlana və istifadəçinin cihazına zərərli proqram yüklədilə bilər.
Mütəxəssis qeyd edib ki, digər üsullardan biri QR-kod vasitəsilə istifadəçini saxta Wi-Fi şəbəkəsinə qoşmaqdır. Bu yolla istifadəçinin internet trafikinə və sosial şəbəkə hesablarına nəzarət etmək mümkün ola bilər.
S.Tağıyev QR-kodu skan etdikdən sonra açılan səhifəyə və növbəti mərhələlərə diqqət yetirməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, QR-kodu skan etdikdən sonra sadəcə menyu açılmalıdır.
Əgər istifadəçi başqa sayta yönləndirilirsə, sosial şəbəkə hesabı ilə giriş etməsi, ödəniş etməsi və ya hər hansı icazə verməsi tələb olunursa, kib hücum ehtimalı yüksəkdir.
Gülnaz Abdullazadə
