​İş axtaranların NƏZƏRİNƏ: Azərbaycanda 47 min YENİ İŞ YERİ açılır!

Azərbaycanda investisiya təşviqi mexanizminin 2029-cu ilə qədər uzadılması və bu çərçivədə 47 min iş yerinin yaradılmasının nəzərdə tutulması iqtisadiyyata mümkün təsirləri gündəmə gətirir. Sahibkarlara verilən vergi və gömrük güzəştlərinin real səmərəsi, yeni iş yerlərinin davamlılığı və əhalinin gəlirlərinə təsiri bu prosesin qiymətləndirilməsində əsas meyarlardandır.

Referans Media-ya açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib ki, investisiya təşviqi mexanizminin 2029-cu ilə qədər uzadılması ölkədə investisiya fəallığının artırılması, qeyri-neft sektorunun şaxələndirilməsi, yerli istehsalın genişləndirilməsi və ümumilikdə biznes mühitinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, vergi və gömrük güzəştləri sahibkarların kapital qoyuluşu xərclərini azaldaraq yeni layihələrin reallaşdırılmasını sürətləndirə, istehsal potensialını və ixrac imkanlarını artıra bilər.

İqtisadçı qeyd edib ki, regionlarda sənaye və emal müəssisələrinin inkişafı iqtisadi fəallığın yüksəlməsinə və regional gəlir fərqlərinin azalmasına şərait yarada bilər.

Günay Hüseynovanın fikrincə, nəzərdə tutulan 47 min iş yerinin iqtisadi təsirini yalnız məşğulluğun kəmiyyət göstəriciləri ilə qiymətləndirmək olmaz. Burada yaradılan iş yerlərinin davamlılığı, orta əməkhaqqı, əmək məhsuldarlığı və əhalinin real gəlirlərinin artımı kimi meyarlar nəzərə alınmalıdır.

O əlavə edib ki, investisiyaların nə qədərinin faktiki reallaşdığı və yeni iqtisadi dəyər yaratdığı da müəyyənləşdirilməlidir.

İqtisadçı vergi-gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi zamanı fiskal xərclərlə iqtisadi gəlirlilik arasındakı nisbətin əsas götürülməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, dövlətin güzəştlər səbəbindən itirdiyi büdcə gəlirləri investisiyaların yaratdığı əlavə vergi daxilolmaları, ixrac gəlirləri və məşğulluq effekti ilə müqayisə edilməlidir.

Günay Hüseynova bildirib ki, əgər güzəştlər əlavə investisiyaların cəlb edilməsinə və məhsuldarlığın artmasına töhfə vermirsə, onların fiskal səmərəliliyi aşağı qiymətləndirilə bilər.

İqtisadçının qənaətinə görə, investisiya təşviqi mexanizminin uğuru güzəştlərin həcmi ilə deyil, əlavə investisiyalar, xalis məşğulluq, əmək məhsuldarlığı və dövlət büdcəsinə uzunmüddətli töhfə kimi göstəricilərlə ölçülməlidir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki