Dollarla bağlı mühüm qərar verildi - Manatın taleyi necə olacaq?

ABŞ dollarının dünya bazarında zəifləməsi digər ölkələrin valyutalarına təsir göstərsə də, bu proses Azərbaycanda dolların manat qarşısında mütləq ucuzlaşacağı anlamına gəlmir. Ölkədə məzənnə beynəlxalq valyuta bazarındakı dəyişikliklərdən daha çox daxili valyuta siyasəti, neft-qaz gəlirləri və tədiyə balansı kimi amillərlə tənzimlənir.

Referans Media-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasəti dolların beynəlxalq bazardakı mövqeyinə təsir etsə də, bu təsir Azərbaycan manatına birbaşa ötürülmür.


Onun sözlərinə görə, Azərbaycanda məzənnə beynəlxalq valyuta bazarındakı dəyişikliklərə uyğun olaraq sərbəst müəyyənləşmir. Bu proses ölkənin valyuta siyasəti, tədiyə balansı, neft-qaz sektorundan daxilolmalar, eləcə də daxili valyuta tələbi və təklifi əsasında tənzimlənir.


Ekspert qeyd edib ki, FED-in faiz dərəcələrini aşağı salması dolların dünya bazarındakı mövqeyini zəiflədə bilər. Lakin bu, dolların manat qarşısında məzənnəsinə birbaşa təsir göstərmir. Dolayı təsirlər isə mümkündür. Dünya bazarında dollar indeksinin dəyişməsi ilə Azərbaycandakı rəsmi məzənnənin fərqli olması da bu xüsusiyyəti göstərir.


V.Orucun fikrincə, yaxın dövrdə dollar-manat məzənnəsinin dəyişəcəyini ehtimal etmək üçün əsas yoxdur. O bildirib ki, hazırda Azərbaycanda tənzimlənən və sabit məzənnə siyasəti tətbiq olunur. Məzənnənin dəyişməsi beynəlxalq bazarlardakı dalğalanmalardan daha çox Mərkəzi Bankın həyata keçirdiyi siyasətlə əlaqəlidir.


Ekspert vurğulayıb ki, məzənnənin bazar şəraitində sərbəst müəyyənləşməsi üçün manatın dəyərinin valyuta bazarında tələb və təklif əsasında formalaşması lazımdır. Hazırkı şəraitdə isə məzənnə dövlətin tənzimləmə siyasəti çərçivəsində müəyyən edilir.


O əlavə edib ki, ABŞ-da inflyasiyanın yüksəlməsi dolların dünya bazarındakı mövqeyini daha da zəiflədərsə, FED-in qərarları vasitəsilə bu prosesə təsir göstərə bilər. Bununla belə, həmin təsirin Azərbaycan valyuta bazarına ötürülməsi dolayı xarakter daşıyır.


V.Oruc Azərbaycanda dolların məzənnəsinə təsir edən əsas amilləri də sadalayıb. Onun sözlərinə görə, bunlara dövlətin məzənnə siyasəti, neft-qaz gəlirləri, tədiyə balansı, Mərkəzi Bankın müdaxilələri, dollarlaşma səviyyəsi, FED-in faiz siyasəti və qlobal maliyyə riskləri daxildir.


Ekspert qeyd edib ki, ixrac gəlirləri idxal xərclərini üstələdikdə valyuta bazarında təklif artır. Eyni zamanda, Mərkəzi Bankın valyuta alışı və satışı vasitəsilə bazardakı tarazlığı qoruması da məzənnə üçün mühüm əhəmiyyət daşıyır.


O bildirib ki, əhalinin və biznes subyektlərinin əmanətlərini hansı valyutada saxlaması da dollarlaşma səviyyəsi vasitəsilə valyuta bazarına təsir edir. FED-in faiz siyasəti və qlobal maliyyə riskləri isə Azərbaycana əsasən dolayı yollarla təsir göstərir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki