Pensiyalarla bağlı ƏHALİYƏ TƏCİLİ XƏBƏR: 2027-ci il yanvarın 1-dən...

Pensiya qanunvericiliyinə təklif edilən dəyişikliklərə əsasən, 2027-ci il yanvarın 1-dən məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabın sığorta (kapital) hissəsinə yönəldilən payının 90 faizdən 85 faizə endirilməsi nəzərdə tutulur. Dəyişikliyin pensiya sisteminin maliyyə dayanıqlığına və vətəndaşların gələcək pensiya məbləğlərinə necə təsir edəcəyi müzakirə mövzusudur.

Referans Media-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, fərdi pensiya hesabının sığorta hissəsinə yönəldilən vəsaitin azaldılması gələcək pensiya məbləğlərinə də təsir göstərəcək.

Onun sözlərinə görə, 2006-cı ildə pensiya sistemində aparılan dəyişikliklərdən sonra şəxsin pensiyasının məbləği əmək fəaliyyəti dövründə pensiya fonduna ödədiyi vəsaitlər əsasında müəyyənləşdirilməyə başlayıb. Başqa sözlə, şəxs işlədiyi müddətdə pensiya fonduna nə qədər çox vəsait ödəyirsə, gələcək pensiya kapitalı da bir o qədər çox formalaşır.

İqtisadçı qeyd edib ki, pensiya kapitalı işçinin əməkhaqqından tutulan və işəgötürən tərəfindən ödənilən sosial sığorta haqları hesabına formalaşır. Hazırkı qanunvericiliyə əsasən, bu vəsaitin 90 faizi şəxsin fərdi pensiya kapitalına yönəldilir.

Xalid Kərimli nümunə olaraq bildirib ki, aylıq əməkhaqqı 1200 manat olan şəxsin pensiya fonduna hesablanan 300 manat sosial sığorta haqqının 270 manatı onun fərdi pensiya kapitalına əlavə olunur. Təklif edilən dəyişiklik qəbul edilərsə, həmin məbləğ 255 manata düşəcək.

İqtisadçının sözlərinə görə, bu dəyişiklik gələcək pensiya məbləğinə də təsir göstərəcək. Belə ki, hazırkı qaydalarla 1200 manat əməkhaqqı alan şəxsin pensiya kapitalına yönəldilən vəsait gələcək aylıq pensiyanın təxminən 1 manat 88 qəpik artımını təmin edirdisə, dəyişiklikdən sonra bu göstəricinin 1 manat 77 qəpiyə qədər azalacağı gözlənilir.

Xalid Kərimli vurğulayıb ki, təklif olunan dəyişikliklərin əsas məqsədi pensiya fondunun gəlirləri ilə xərcləri arasında uzunmüddətli tarazlıq yaratmaqdır. Onun sözlərinə görə, hazırda fondun xərclərinin qarşılanması üçün hər il dövlət büdcəsindən əlavə vəsait ayrılır.

İqtisadçı əlavə edib ki, mövcud sistemdə pensiyaların əvvəlki ildə orta aylıq əməkhaqqının artım tempinə uyğun indeksləşdirilməsi pensiya ödənişlərinin hər il yüksəlməsinə səbəb olur. Fondun gəlirləri ilə xərcləri arasında fərqin mövcudluğu isə uzunmüddətli perspektivdə büdcədən daha çox vəsait ayrılmasını zəruri edə bilər.

Onun fikrincə, hökumət pensiya sisteminin maliyyə dayanıqlığını qorumaq və gələcəkdə xərclərin qarşılanmasını təmin etmək məqsədilə fərdi pensiya kapitalına yönəldilən vəsaitin 5 faiz azaldılmasını nəzərdə tutur.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki