Azərbaycanda 100 mindən artıq gəlin çatışmayacaq: Oğlanlar subay qalacaq - MÜSAHİBƏ

Son günlər ən çox müzakirə olunan mövzulardan biri də ölkədəki demoqrafik vəziyyətlə bağlıdır. 

Belə ki, rəsmi statistikaya əsasən doğum sayında kəskin azalma müşahidə edilir. Bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 20362 doğulan körpə qeydə alınıb. 

Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 8,8-dən 8,0-a düşüb. Doğulan körpələrin 53,8 faizi oğlan, 46,2 faizi isə qız  olub. 

Ancaq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açıqlamasında bildirib ki, Azərbaycanda doğum halları ilə bağlı vəziyyət kritik həddə deyil. Onun sözlərinə görə, Azərbaycanda doğum sayının azalması dövlət qurumları ilə bağlı məsələ deyil, bu, demoqrafiya, milli kimlik, gələcək insan kapitalının formalaşması məsələsidir: 

"Əslində, inkişaf etmiş ölkələrə baxdıqda Azərbaycanda doğum halları ilə bağlı vəziyyət kritik həddə deyil. Bu məsələ insanların düşüncəsi ilə bağlı məsələdir. Ailə dəyərlərimizə əsaslanaraq balansı qorumağa çalışmalıyıq. 

Dövlət Komitəsi məsələni diqqətdə saxlayır, aidiyyəti qurumlara nə etməli olduğunu bildirir. Hesab edirəm ki, ölkə bu baxımdan kritik həddə çatmayacaq. Problemin kökünü, gələcək perspektivlərini bilirik və diqqətdə saxlayırıq". 

Qeyd edək ki, mütəxəssislər doğum sayında baş verən azalmanı müxtəlif amillərlə izah edir. Bu istiqamətdə mövcud vəziyyətlə bağlı “Cebheinfo.az”-ın suallarını Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Əhali coğrafiyası laboratoriyasının aparıcı elmi işçisi, dosent Etibar Bədəlov cavablandırıb:

 

- Son illər ölkədə doğum sayında azalmanı nə ilə əlaqələndirirsiniz?

- Azərbaycanda doğum sayında azalma sürətlə gedib. Ümumiyyətlə, ölkədə 100 min səviyyəsi sonuncu dəfə 1940-cı ildə olub. O dövrdə də Azərbaycan əhalisinin sayı 3 milyon nəfərdən bir qədər çox idi.

Hazırda isə doğulanların sayı azalıb və bunun əsas səbəblərindən biri odur ki, gənclər gec evlənirlər. Gənc ailələr üçün mənzil şəraiti əlçatmazdır. Bu da ailələrin qurulmasında mənfi xarakter daşıyır. Azərbaycanda gənclərin evlənmə yaşı –oğlanlarda 31 yaş, qızlarda isə 26 yaşı keçib ki, bu da mənfi xüsusiyyətdir. 

Uşaq doğumlarının azalmasının səbəblərindən biri də təhsilli qızların sayının çoxalması və ailə quruculuğunda artıq ailə planlaması üstün vəziyyət alıb. Keçmişdəki səciyyəvi xüsusiyyətlər yavaş-yavaş aradan qalxır. Hazırda qadınların psixoloji durumu belədir ki, onlar artıq ailədə çox uşaq istəmirlər. Bu da müasir dövrlə ayaqlaşmaq məsələsini ortaya çıxarır.

- Doğum sayında ümumi azalma ilə yanaşı, qızların da kəskin azalır. Bu, genefond üçün təhlükə deyilmi?

- Ölkədə qız uşaqlarının sayının azalması son 20 ildə özünü çox sürətlə göstərir. Bu baxımdan, indi uşaqlar, gənclər arasında böyük fərq yaranıb. Oğlan və qız uşaqları arasında bu fərq 3 faizə yaxındır. 

Son məlumatlar göstərir ki, nikahdankənar doğulan uşaqların payı da son illər çox artmasa da, 16 faizdən yuxarı olması Azərbaycan üçün yüksək səviyyədir. 

Bəzi rayonlarımızda bu rəqəm 30-40 faizdən də çoxdur. Yəni uşaqların nikahdankənar doğulması da böyük bir problemdir. Doğulan qızların sayının azalması təbii ki, genefonda təsir edəcək. 

Təsəvvür edin ki, evlənmə yaşı çatanda hardasa 100 mindən artıq xanım, gəlin çatışmayacaq. Bu, xalqımızın genefondunun formalaşmasında çox mənfi bir xüsusiyyətdir. 

- Demoqrafik inkişafı dəstəkləyən təşviq proqramlarını reallaşdırmaq mümkündürmü? Ümumiyyətlə, bu problemi necə aradan qaldırmaq olar?

- Bu istiqamətdə ilk növbədə demoqrafik siyasət, dövlətin proqramı əsas götürülməlidir və sonra bu siyasət həyata keçirilməlidir. Son illərdə bizdə doğumun süni surətdə aradan qaldırılması, hamiləliyin sonlandırılması problemi də var ki, selektiv abortlar çox yayılıb. 

Ötən il rəsmi rəqəmlərə görə, Azərbaycanda 80 min selektiv abort olub. Onların da böyük hissəsini qızlar təşkil edib. Bu, əslində milli faciədir ki, belə bir səviyyədə proses gedir. 

Bu istiqamətdə müvafiq qurumlar heç bir iş görmür. Bizim təşkilatlarımız, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi var və onlar bu işlə maraqlanmalıdırlar. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki