Azərbaycanda minlərlə vətəndaş kirayə mənzilə köçərkən ev sahibi ilə yazılı müqavilə bağlamadan razılaşır. Lakin hüquqşünaslar xəbərdarlıq edirlər ki, belə hallarda həm kirayəçi, həm də ev sahibi ciddi hüquqi risklərlə üzləşə bilər. Xüsusilə kirayə haqqının, ödənilən vəsaitlərin və yaşayış müddətinin sənədləşdirilməməsi sonradan məhkəmə çəkişmələrinə səbəb ola bilər.
Mövzu ilə bağlı Referans Media-ya danışan hüquqşünas Rəhim Xoyski bildirib ki, kirayə münasibətləri Azərbaycan Respublikasının qanunvericiliyi, xüsusilə də Mülki Məcəllə ilə tənzimlənir və yazılı müqavilənin olmaması tərəflər üçün ciddi hüquqi problemlər yaradır.
Onun sözlərinə görə, yazılı müqavilə olmadan kirayədə qalmağın əsas risklərindən biri sübutetmə çətinliyidir:
"Yazılı müqavilə olmadıqda tərəflər arasında razılaşdırılmış kirayə haqqının məbləğini, ödəniş tarixlərini və kirayə müddətini hüquqi müstəvidə sübut etmək çətinləşir. Mülki Məcəllənin 693.2-ci maddəsinə əsasən, əgər kirayə müddəti müəyyən edilməyibsə və ya müddət başa çatdıqdan sonra kirayəçi mənzildə qalmağa davam edirsə, müqavilə qeyri-müəyyən müddətə uzadılmış hesab olunur. Bu halda ödənilmiş vəsaitlərin, o cümlədən beh və ya son ayın kirayə haqqının geri qaytarılmasını tələb etmək hüquqi baxımdan mürəkkəbləşir".
Hüquqşünas qeyd edib ki, ev sahibi kirayəçini xəbərdarlıq etmədən mənzildən çıxara bilməz:
"Qanunvericilik ev sahibinə belə bir hüquq vermir. Əgər kirayə münasibətləri qeyri-müəyyən müddətli hesab olunursa, müqavilənin ləğvi üçün tərəflər ən azı 3 ay əvvəl yazılı bildiriş verməlidirlər. Ev sahibi yalnız kirayəçinin öhdəliklərini kobud şəkildə pozduğu hallarda – məsələn, iki ay ardıcıl ödəniş etmədikdə, əmlaka ciddi ziyan vurduqda və ya qonşuların hüquqlarını mütəmadi pozduqda onun çıxarılmasını tələb edə bilər. Lakin belə vəziyyətlərdə də məcburi çıxarılma yalnız məhkəmə qərarı və ya qanuni əsaslarla həyata keçirilə bilər".
Rəhim Xoyski bildirib ki, kirayəçi mənzili qanuni əsaslarla və ya ev sahibinin tələbi ilə vaxtından əvvəl tərk edərsə, istifadə edilməmiş günlərə görə ödənilmiş məbləğ geri qaytarılmalıdır:
"Ev sahibinin həmin pulu cərimə kimi saxlaması yalnız müqavilədə belə bir şərt olduğu halda mümkündür. Yazılı müqavilə olmadıqda isə vəsaitin qaytarılmaması əsassız varlanma kimi qiymətləndirilə bilər".
Hüquqşünasın sözlərinə görə, kirayəçinin əsas öhdəlikləri kirayə haqqını vaxtında ödəmək, mənzili qorumaq və təyinatı üzrə istifadə etməkdir. Ev sahibi isə yaşayış sahəsini yararlı vəziyyətdə təhvil verməli, əsaslı təmir işlərini həyata keçirməli və kirayəçinin şəxsi həyatına müdaxilə etməməlidir.
Rəhim Xoyski əlavə edib ki, kirayədən gəlir əldə etdiyi halda bunu rəsmiləşdirməyən və vergi ödəməyən ev sahibləri də məsuliyyət daşıyırlar:
"Yazılı müqavilə bağlamayan və əldə etdiyi gəlirdən vergi ödəməyən ev sahibləri Vergi Məcəlləsinə uyğun olaraq cərimələnə bilərlər. Həmçinin kirayəçini qanunsuz, xəbərdarlıq etmədən və ya zor tətbiq etməklə mənzildən çıxaran ev sahibi kirayəçinin çəkdiyi maddi və mənəvi zərəri ödəməli ola bilər".
