Ölkədə təhsilin keyfiyyətinin artırılması və şagirdlərin mənimsəmə göstəricilərinin yüksəldilməsi istiqamətində vacib addımlardan biri oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsidir.
Təhsil eksperti Elçin Əfəndi Referans Media-ya açıqlamasında bildirib ki, oxuyub-anlama sahəsində mövcud olan çətinliklər təkcə imtahan nəticələrinə deyil, ümumilikdə digər sahələrə də birbaşa təsir göstərir. Bu səbəbdən şagirdlərlə yanaşı, artıq müəllimlərin də bu istiqamətdə bilik və bacarıqlarının qiymətləndirilməsi gündəmə gəlib.
Ekspert Elçin Əfəndinin Referans Media-ya təqdim etdiyi özəl açıqlamanı təqdim edirik:
"Biz hal-hazırda oxuyub-anlama ilə bağlı ölkə olaraq çox çətinliklərlə üzləşmişik. Əvvəlki dövrlərdə o qədər diqqət yetirilmirdi bu məsələyə, amma tədqiqatlar aparıldıqca məlum olur ki, əsasən oxuyub-anlama məsələsində problem yaşadığımız üçün bunu təhsil istiqamətində daha çox hiss edirik və təbii ki, növbəti istiqamətlərdə də bu oxuyub-anlamanın vermiş olduğu çətinlik özünü digər sahələrdə də göstərir" — deyə ekspert bildirib.
O, bu mexanizmin artıq imtahan proseslərinə tətbiq edildiyini və növbəti addımın müəllimlərlə bağlı olacağını vurğulayıb:
"O nöqteyi-nəzərdən, ilk növbədə şagirdlərin oxuyub-anlama mətnləri üzərində işləri ilə bağlı biz həm summativ qiymətləndirmələr zamanı, həm monitorinq qiymətləndirmələri, həm də buraxılış imtahanları və blok imtahanlarında bu prosesi tətbiq etdik. Və indi ardınca düşünürük ki, tək təhsilalanlar dəyil, təhsilverənlərin, yəni müəllimlərin də bu istiqamətdə bilik və bacarıqları yoxlanılmalıdır. O nöqteyi-nəzərdən həm müəllimlərin işə qəbulu imtahanında, həm sertifikasiyada, ola bilsin diaqnostikada da müəllimlərin oxuyub-anlama istiqamətində bilik və bacarıqları, bu istiqamətdə qabiliyyətləri yoxlanılmalıdır. Və bu yoxlanılma da, əlbəttə ki, ümumi vəziyyətə, yəni təhsil göstəricilərinin inkişafına təkan vermiş olacaq."
Məsələnin rəqabət mühitinə təsirinə toxunan Elçin Əfəndi əlavə edib:
"Ama ümumi qaldı ki rəqabət məsələsinə, əlbəttə ki, bu istənilən müsabiqənin çətin olmaq anlamı daşımamalıdır. Çünki bizim, yenə deyirəm, düzəltmək istədiyimiz məqam ondan ibarətdir ki, hər kəs nə oxuduğunu başa düşə bilsin də. Yəni tutaq ki, hər hansı bir tapşırıqdır, çıxıb qarşısına, o tapşırığı dərk etmədiyi halda cavabını həll etməyə çalışırsa, təbii ki, bu səhvə yol verəcək. Ona görə də oxuyub-anlaması vacib əhəmiyyət kəsb edir. Müəllimlərin işə qəbulunda rəqabətin olmağına səbəb verməsi — düşünürəm ki, burada artıq istənilən halda daha yaxşı bu istiqamətdə bacarıqları olanlara üstünlük veriləcək ki, bu da təbii rəqabətə təsir göstərəcək."
Göründüyü kimi, təhsil prosesində mətnlərin düzgün dərk edilməsi və təhlil olunması bilavasitə nəticələrin keyfiyyətinə təsir edən əsas amildir. Müəllimlərin İşə Qəbulu (MİQ), sertifikasiya və digər qiymətləndirmə mərhələlərinə oxuyub-anlama mexanizminin inteqrasiya edilməsi təkcə imtahan çərçivəsində rəqabəti artırmayacaq, həm də gələcəkdə şagirdlərə daha keyfiyyətli tədrisin ötürülməsinə zəmin yaradacaq. Bu yanaşmanın tətbiqi, ümumilikdə, ölkə təhsilində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Sima Babayeva
