Küçədə infarkt keçirən şəxsə ürək masajı etsə də - Xilas etmək mümkün olmadı-Yenilənib

Sosial şəbəkələrdə küçədə infarkt keçirən şəxsin həyatının xilas olunmasını əks etdirən görüntülər yayılıb.

Referans Media  xəbər verir ki, hadisənin Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən avtobus dayanacağında baş verdiyi bildirilib.

Belə ki, marşrut avtobusu gözləyən kişinin halı qəfil pisləşib və o, yerə yıxılıb.

Həmin vaxt ərazidən keçən həkim Nicat Cahangirli ona ilkin tibbi yardım göstərib və ürək masajı edib.

İlkin məlumata görə, həkimin vaxtında müdaxiləsi həmin şəxsin həyatının xilasına səbəb olub.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, infarkt keçirən 1957-ci il təvəllüdlü Rauf Novruzova ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Təcili Tibbi yardım maşını ilə yaxınlıqdakı Xətai Tibb Mərkəzinə çatdırılan 69 yaşlı kişinin vəfat etdiyi məlum olub. O, dünən Şamaxı rayonunda dəfn edilib.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 09:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, Perinatal Tibb Mərkəzi yerləşən ərazidən çağırış qeydə alınıb: “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.  

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Xətai Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Tibb müəssisəsində aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun saat 09:50 radələrində bioloji ölüm faktı qeydə alınıb”.

Sözügedən görüntüləri təqdim edirik:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki