Azərbaycanda kişi ona usta ilə xəyanət edən arvadını öldürdü — Mesajları bərpa etdirdim

Şəmkir rayonunda 55 yaşlı kişi qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşını öldürüb.

Referans Media Demokrat.az-a istinadən xəbər verir ki,  hadisə Şəmkir rayonunun kəndlərindən birində baş verib. 1971-ci il təvəllüdlü Loğman arvadı, 42 yaşlı Ləmanın (adlar şərtidir – red.) istintaqa məlum olan şəxslə sevgi münasibətlərində olması səbəbindən qısqanclıq niyyəti ilə onu öldürmək qərarına gəlib.

Bu məqsədlə 6 oktyabr 2025-ci il tarixdə, saat 16:50 radələrində kənddə yerləşən məscidin yaxınlığındakı dördyol kəsişməsində arvadı ilə qabaqlaşaraq onunla mübahisə edib. O, arvadının onu evə buraxmaması və paltarlarını verməməsi, həmçinin əlindəki paketlə ona zərbələr endirməsi səbəbindən hiddətlənib.

Bu zaman Loğman arvadını öldürmək məqsədilə onun əlindəki paketdən yerə düşmüş mətbəx bıçağını götürüb və onun bədən səthinin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurub. Çoxsaylı zərbələr alan qadın kəskin qan itirmədən yanında olan azyaşlı övladının gözləri qarşısında ölüb.

Loğmanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Loğman ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, mərhum Ləman onun arvadı olub:

“Bizim birgə nikahımızdan bir qız, iki oğlan övladımız olub. Ailə qurduqdan xeyli müddət sonra Ləmanın xəyanət etməsindən şübhələndim. Ailəmə baxmaq üçün maldarlıqla məşğul olmuşam. 2024-cü ildə Şəki rayonunda icarəyə ferma götürmüşəm və heyvanlarımı ora aparmışam. Şəki rayonunda olarkən heyvanları hissə-hissə sataraq qızım Səlimənin cehizi üçün pulu arvadıma göndərmişəm. Ümumilikdə arvadıma 27.000 manat vermişəm. Bir müddət sonra kəndə qayıtdım”.

Təqsirləndirilən şəxs deyib ki, bir neçə gün sonra yenidən Şəki rayonuna heyvanların yanına gedib:

“Orada olarkən Ləman zəng edərək Əhməd adlı şəxsin onu təhqir etdiyini bildirdi və ondan bunun qisasını almağımı dedi. Kəndə qayıtdıqdan sonra Ləmandan Əhmədin mobil telefonla özünə zəng edib-etmədiyini soruşdum. Ləman da bunu təsdiq etdikdən sonra sübut etmək üçün telefon danışıqlarını çıxarmağı təklif etdim. Ancaq Ləman müxtəlif bəhanələr gətirərək razı olmadı. Ertəsi gün arvadım istifadə etdiyi telefonu sındırdı. Mən Ləmanın qardaşı Turala zəng edərək evə çağırdım, bacısının mənə xəyanət etdiyini və izi itirmək üçün telefonunu sındırdığını dedim. Tural isə mənə inanmayaraq evdən qovdu. Bir neçə gün sonra Ləman ilə istifadə etdiyi mobil nömrəsini mənim adıma keçirməsi şərti ilə barışdım”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Ləmanın mobil nömrəsini onun adına keçiriblər:

“Mən Ləmana yeni telefon aldım və telefona şifrə qoymamasını tapşırdım. Bir neçə gün sonra Ləmanın telefonuna şifrə qoyduğunu gördüm. Bundan sonra onun mobil telefonu götürərək evdən çıxdım. Səhhətim ilə bağlı Naftalan şəhərində sanatoriyada müalicə olunmağa getdim. Orada olarkən kəndin sahə müvəkkili zəng edərək kəndə gəlməyimi və arvadımın barəmdə şikayət etdiyini dedi. Bundan sonra Şəmkir rayonuna qayıtdım. Kənddə olarkən Ləmanın “WhatsApp” mesajlaşma proqramında olan bütün mesajları bərpa etdirdim. Mesajları oxuyarkən Ləmanın Sənan adlı şəxslə mənə xəyanət etdiyi öyrəndim. Bu barədə Ləmanın qardaşı Turala dedim. O da bacısının xəyanət etməsi ilə razılaşdı. Bundan sonra arvadımdan boşanmaq üçün Şəmkir Rayon Məhkəməsinə müraciət etdim”.

Loğmanın sözlərinə görə, daha sonra anasının dərmanlarını vermək üçün evə gedib:

“Yolda oğlum Əli və Ləman ilə qarşılaşdım. Həmin vaxt Ləmandan paltarlarımı verməsini tələb etdim. O isə mənə nalayiq formada heç nəyimin olmadığını dedi və əlindəki sellofan paketlə baş nahiyəmdən vurdu. Bu vaxt paketin içərisindəki bıçaq yerə düşdü. Bıçağı götürərək Ləmana bir neçə dəfə vurdum. Ancaq arvadımı öldürmək məqsədim olmayıb. Özümə gəldikdən sonra Şəmkir Rayon Polis şöbəsinə gedərək təslim oldum”.

İş üzrə şahid qismində ifadə verən Sənanın sözlərinə görə, usta kimi işləyib ailəsini dolandırıb:

“Ləman vəfat etməmişdən təxminən bir il əvvəl zəng edərək evində usta kimi iş görməyi təklif etdi. Mən də razılaşaraq həmin işi gördüm. Bundan sonra da bir neçə dəfə onun evində usta kimi işləmişəm”.
Sənan bildirib ki, iş görmək üçün Ləmanın evinə gedib-gəldikcə onunla aralarında səmimi münasibət yaranıb:

“Münasibətləri yaranan zaman Ləman ərindən boşandığını dedi. Ləman ilə münasibətlərim təxminən 5 ay davam etdi. Mən onun evli olduğunu bildikdən sonra münasibəti kəsdim. Xatırladığım qədəri ilə Ləmanın anasının evində də işləmişəm. Səhv etmirəmsə, Ləmanın bacısı Günel zəng edib və Ləmanın evində səliqəli iş görmək üçün usta lazım olduğunu dedi. Mənim Ləmanın bacısı Günel ilə şəxsi münasibətim olmayıb. Sadəcə Günelin evində usta kimi işləmişəm. Ləman ilə münasibətim olan vaxtı onun əri ilə münasibətlərinin necə olduğunu bilməmişəm. Ləmanın evində işlədiyim müddətdə Loğmanı görməmişəm. Mən Loğmanı ilk dəfə polis şöbəsində görmüşəm”.

Sənan deyib ki, Loğman əvvəllər onun barəsində bir dəfə Şəmkir Rayon Polis Şöbəsinə şikayət edib: “Lakin həmin şikayətin məzmununu bilməmişəm. Ləman mənə 7.000 manat verməyib. Nə də mən ondan həmin məbləğdə pul tələb etməmişəm”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Loğman 15 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Qeyd edək ki, Loğman 2024-cü ildə də məhkum olunub. O, həmin dövrdə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və 1000 manat məbləğində cərimə olunub. Loğman həmin dövrdə həmkəndlisinə xəsarət yetirməkdə ittiham olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki