İstanbulda ard-arda iki meyit tapılıb, polis araşdırmaya başlayıb.
Referans Media xəbər verir ki, İstanbulun iki fərqli rayonunda qısa müddət ərzində iki nəfərin meyiti aşkarlanıb. 24 və 40 yaşlı şəxslərin ölüm səbəbi hələlik məlum deyil.
Hadisələrdən biri Başakşehirin Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə uzanan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər. Əraziyə polis və təcili tibbi yardım əməkdaşları göndərilib. Həkimlərin müayinəsi zamanı şəxsin həyatını itirdiyi müəyyənləşdirilib. Polisin apardığı araşdırma nəticəsində meyitin 24 yaşlı Eray Deniz Sarıya məxsus olduğu müəyyən edilib.
Digər hadisə isə Fatih rayonunun Mevlanakapı məhəlləsində qeydə alınıb. Tarixi qala divarlarının içərisində hərəkətsiz vəziyyətdə bir şəxsi görən vətəndaşlar polis və təcili tibbi yardım əməkdaşlarına məlumat veriblər. Əraziyə gələn ekipajlar həmin şəxsin öldüyünü müəyyən ediblər. Araşdırmalar zamanı onun 40 yaşlı İsa Çam olduğu müəyyənləşdirilib.
Hər iki şəxsin meyiti hadisə yerində aparılan ilkin araşdırmadan sonra ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün Məhkəmə-Tibb Ekspertizası qurumunun morquna göndərilib.
Hadisələrin hansı səbəbdən baş verdiyini müəyyənləşdirmək məqsədilə araşdırma başlanılıb. Ölümlərin səbəbi ekspertiza nəticələrindən sonra dəqiqləşəcək.
