Kredit götürərkən adətən məbləğə, faiz dərəcəsinə və aylıq ödənişə diqqət edirik. Amma kredit müddəti ərzində gözlənilməz hadisələr də baş verə bilər. İnsan xəstələnə, əmək qabiliyyətini, işini itirə və ya daha ağır həyat hadisəsi ilə üzləşə bilər. Belə hallarda kredit üzrə ödənişləri davam etdirmək çətinləşir.
Məhz bu risklərə görə kreditlə bağlı sığorta məhsulları mövcuddur. Bu sığortalar borcalanı, onun ailəsini və kredit təşkilatını gözlənilməz maliyyə yükündən qorumağa kömək edir.
Referans Media xəbər verir ki, "Unibank” KB-nin şöbə müdiri Anar Allahverdiyev bildirir ki, kredit sığortalarına sadəcə əlavə xidmət kimi baxmaq doğru deyil:
"Kredit uzunmüddətli maliyyə öhdəliyidir. Ona görə də müştəri yalnız bu gün ödəyə biləcəyi məbləği yox, gələcəkdə baş verə biləcək riskləri də düşünməlidir. Sığorta bu risklər zamanı həm borcalanın, həm də ailəsinin maliyyə yükünü azaltmağa kömək edən qoruyucu mexanizmdir.”
Məşğulluğun itirilməsi sığortası nədir?
Kredit müqavilələri üzrə borcalanın məşğulluğunun itirilməsi halından sığorta kredit götürənin işini itirməsi nəticəsində gəlirinin azalması və ya dayanması halında kredit ödənişlərinə dəstək vermək üçün nəzərdə tutulur.
Aydındır ki, insan işlədiyi müddətdə kreditini rahat ödəyə bilər. Amma iş yerində ixtisar olarsa, müəssisə bağlanarsa və ya əmək münasibətlərinə şəxsin iradəsindən asılı olmayan səbəblərlə xitam verilərsə, aylıq kredit ödənişləri çətinləşə bilər.
Belə hallarda sığorta müqaviləsinin şərtləri yerinə yetirilərsə, sığortaçı müəyyən müddət ərzində kredit üzrə aylıq ödənişlərin tam və ya bir hissəsini qarşılaya bilər. Bu, borcalana yeni iş tapmaq və gəlirini bərpa etmək üçün vaxt qazandırır.
Anar Allahverdiyevin sözlərinə görə, məşğulluğun itirilməsi sığortası borcalanın kredit tarixçəsinin qorunması baxımından da əhəmiyyətlidir:
"İşin itirilməsi çox vaxt gözlənilmədən baş verir və bu, insanın aylıq ödəniş planına birbaşa təsir edir. Məşğulluğun itirilməsi sığortası borcalana müəyyən müddət maliyyə rahatlığı yarada, gecikmə riskini azalda və kredit tarixçəsinin qorunmasına kömək edə bilər.”
Bu sığorta hansı hallarda işləyir?
Məşğulluğun itirilməsi sığortası konkret müqavilənin şərtlərindən asılıdır.Amma ümumi olaraq bu hallar təminata daxil ola bilər:
- işəgötürən tərəfindən ştatların və ya işçi sayının ixtisar edilməsi;
- müəssisənin ləğv edilməsi və ya fəaliyyətinin dayandırılması;
- işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə sığorta şərtlərində göstərilən əsaslarla xitam verilməsi;
- müqavilədə ayrıca qeyd olunan digər qeyri-iradi iş itkisi halları.
Bu sığortanın əsas məntiqi odur ki, borcalan öz istəyindən asılı olmayan səbəbdən işini itiribsə, müəyyən müddət kredit ödənişlərində dəstək ala bilsin.
Hansı hallar istisna ola bilər?
Məşğulluğun itirilməsi sığortası da bütün işdən çıxma hallarına aid edilmir. Məsələn, aşağıdakı hallar istisna oluna bilər:
- borcalanın öz ərizəsi ilə işdən çıxması;
- işdən azad ediləcəyini və ya ixtisar olunacağını əvvəlcədən bilməsi;
- məşğulluq statusu və ya əmək münasibətləri barədə yanlış və ya natamam məlumat təqdim etməsi;
- sığorta qaydalarında ayrıca istisna edilmiş digər hallar.
Bu səbəbdən müştəriyə əvvəlcədən aydın izah olunmalıdır ki, hansı işdən çıxma halları sığorta hadisəsi sayılır, hansı hallar isə sığorta təminatına daxil deyil.
Ölüm və əmək qabiliyyətinin itirilməsi sığortası nədir?
Kredit alan şəxslərin ölüm və əmək qabiliyyətinin itirilməsindən sığorta borcalanın həyatı və sağlamlığı ilə bağlı ağır hallarda yaranan maliyyə risklərini azaltmaq üçün nəzərdə tutulur.
Əgər kredit götürən şəxs vəfat edərsə və ya xəstəlik, yaxud bədbəxt hadisə nəticəsində işləmək qabiliyyətini tam və ya müəyyən dərəcədə itirərsə, kreditin ödənilməsi çətinləşə bilər. Belə vəziyyətdə sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq kredit üzrə qalan borcun tam və ya bir hissəsi sığortaçı tərəfindən ödənilə bilər.
Bu məhsulun əsas məqsədi borcalanın ailəsinin üzərinə əlavə kredit yükünün düşməsinin qarşısını almaqdır. Eyni zamanda kredit üzrə öhdəliyin icra olunmaması riskini də azaldır.
Anar Allahverdiyev qeyd edir ki, bu sığorta xüsusilə ailəli və uzunmüddətli kredit götürən şəxslər üçün vacibdir:
"Borcalanın vəfatı və ya əmək qabiliyyətini itirməsi təkcə şəxsin özünə deyil, ailəsinə də ciddi maliyyə təsiri göstərə bilər. Bu sığortanın məqsədi belə ağır hallarda kredit borcunun ailə üçün əlavə yükə çevrilməsinin qarşısını almaqdır.”
Bu sığorta hansı riskləri əhatə edə bilər?
Ölüm və əmək qabiliyyətinin itirilməsi sığortası adətən bu halları əhatə edə bilər:
- borcalanın vəfat etməsi;
- bədbəxt hadisə və ya xəstəlik nəticəsində daimi tam əmək qabiliyyətinin itirilməsi;
- müqavilə şərtlərindən asılı olaraq müəyyən dərəcədə əmək qabiliyyətinin itirilməsi;
- bəzi hallarda əlilliklə bağlı risklər.
Sığorta hadisəsi təsdiqləndikdən sonra ödənişin məbləği kredit üzrə qalıq borca, sığorta məbləğinə, hadisənin növünə və müqavilədə yazılan şərtlərə əsasən müəyyən edilir.
Hansı hallar istisna ola bilər?
Hər sığorta məhsulunda olduğu kimi, burada da bütün hadisələr avtomatik şəkildə sığorta ödənişi yaratmır. İstisnalar konkret sığorta qaydalarında və müqavilədə göstərilir.
Ümumi praktikada aşağıdakı hallar istisna edilə bilər:
- sığortalının hadisənin baş verməsinə qəsdən səbəb olması;
- sığorta müqaviləsi bağlanarkən sağlamlıq vəziyyəti və ya digər mühüm məlumatların qəsdən yanlış təqdim edilməsi;
- əvvəlcədən mövcud olan xəstəliklərlə bağlı müqavilədə nəzərdə tutulmuş istisnalar;
- müqavilədə göstərilən müddət, ərazi və digər şərtlərdən kənarda baş verən hadisələr.
Ona görə də müştəri sığorta müqaviləsini imzalayarkən hansı halların təminata daxil olduğunu, hansı halların isə istisna sayıldığını əvvəlcədən diqqətlə oxumalıdır.
Müştəri nəyə diqqət etməlidir?
Kreditlə bağlı sığorta məhsulu rəsmiləşdirilərkən müştəri yalnız sığortanın adını deyil, onun şərtlərini də bilməlidir. Xüsusilə bu məqamlara diqqət etmək vacibdir:
- hansı risklər sığortalanır;
- hansı hallar istisnadır;
- sığorta ödənişi hansı məbləğdə və nə qədər müddətə verilir;
- gözləmə müddəti varmı;
- hadisə baş verdikdə hansı sənədlər təqdim edilməlidir;
- sığorta ödənişi kredit borcunun hamısını, yoxsa yalnız müəyyən hissəsini qarşılayır.
Yekun olaraq, kredit sığortaları borcalanın gələcəkdə üzləşə biləcəyi ağır və gözlənilməz hallara qarşı maliyyə müdafiəsi yaradır. Ölüm və əmək qabiliyyətinin itirilməsi sığortası ailəni böyük borc yükündən qorumağa, məşğulluğun itirilməsi sığortası isə işsiz qalma dövründə kredit ödənişlərinin idarə olunmasına kömək edir.
