Xəbər verdiyimiz kimi, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini vəzifəsində çalışmış Elgün Feyzullayevin qızına dəbdəbəli toy mərasimi keçirməsi gündəm olub. Toyda həm azərbaycanlı, həm də türkiyəli tanınmış müğənnilərin çıxış etməsi mərasim üçün kifayət qədər böyük maliyyə sərf olunması məsələsini gündəmə gətirib.
Sabiq məmurun belə dəbdəbəli toy keçirməsi onun əvvəlki fəaliyyətinin araşdırılması üçün hüquqi əsas yarada bilərmi?
Referans Media xeber verir ki, məsələ ilə bağlı Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, formal olaraq Feyzullayevə qarşı addım atmaq mümkün deyil:
“Azərbaycanda məmurların gəlir və xərclərinin bəyan edilməsi mexanizmi işləmir. Halbuki bu barədə qanun hələ 2005-ci ildə qəbul olunub. Azərbaycan bununla bağlı BMT-nin müvafiq konvensiyasına qoşulub ki, məmurlar və onların ailə üzvləri ildə bir dəfə gəlirlərini bəyan etməlidirlər. Qanunda hansı məlumatların, kimə bəyan edilməli olduğu və digər məsələlər hamısı yazılıb. Bir dənə o forma, yəni blank yoxdur.
21 ildən də çox vaxt keçib, amma Nazirlər Kabineti o formanı təsdiqləməyib. Xatırlayıram, bir dəfə o formanı özüm hazırlayıb Nazirlər Kabinetinə, Baş nazirə göndərmişdim ki, vaxtınız yoxdur, mən sizin üçün hazırlamışam, təsdiqləyin. Amma heç bir cavab verilmədi”.
Əkrəm Həsənov
Ə.Həsənov gəlir bəyannaməsinin vacibliyindən danışıb:
“Gəlir bəyannaməsi ona görə lazımdır ki, hər bir məmur ildə bir dəfə ailəsi ilə birlikdə nəyi var, nəyi yoxdursa, bəyan edir. Sonra da həddindən artıq pul xərcləyəndə onun hesabatını soruşmaq mümkün olur. Yəni sənin axı bu qədər gəlirin yox idi, bunu hansı pulla almısan? Bütün sivil ölkələrdə belədir, amma bizdə hələ tətbiq edilməyib. Buna görə də heç kimdən soruşa bilməzsiniz ki, pulun haradandır. Amma bu mexanizm işləsə, Azərbaycanda hər kəsin nəyi var, nəyi yoxdursa, bəyan etməli olacaq”.

