Əhaliyə sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ: 15 sentyabrda Bakıda “qiyamət qopacaq”

Yeni tədris ilinin başlaması ilə paytaxt yollarında nəqliyyat sıxlığının artacağı gözlənilir. Xüsusilə məktəblərin ilk günlərində valideynlərin övladlarını şəxsi avtomobillərlə məktəbə aparması yollarda əlavə yük yarada bilər. Mütəxəssislər sıxlığın minimuma endirilməsi üçün gündəlik səfərlərin əvvəlcədən planlaşdırılmasının vacibliyini vurğulayırlar.

Nəqliyyat eksperti Elməddin Muradlı Referans Media-ya açıqlamasında şəhər mühitində nəqliyyatın düzgün planlaşdırılmasının əhəmiyyətindən danışıb və 15 sentyabr – ilk dərs günü ilə bağlı valideynlərə bir sıra tövsiyələr verib.

“Plansız hər hansı addım atmaq mümkün deyil”

Ekspert bildirib ki, müasir şəhər həyatında insanların gündəlik fəaliyyətlərini əvvəlcədən planlaşdırması artıq zərurətə çevrilib:

“Deməli, bütün işlər planlı qaydada həyata keçirilməlidir. İstər evdə, istər çöldə, istər işdə... Hər bir insan şəhər mühitində artıq həyatın planlaşdırılması barədə bir düşüncə ortaya qoymalıdır, bir hərəkət etməlidir.

Bu gün elə bir dövrdə yaşayırıq ki, artıq plansız hər hansı bir addım atmaq mümkün deyil. Ona görə şəhər mühiti tamam başqa bir yaşayış tərzi tələb edir və bunu həyata keçirmədikdə mənfi fəsadlarını da görürük”.

“Daha tez yola çıxmaq lazımdır”

Elməddin Muradlı qeyd edib ki, sentyabrın 15-də məktəblərin açılması ilə əlaqədar valideynlər səfərlərini əvvəlcədən planlaşdırmalı və mümkün qədər tez yola çıxmalıdırlar.

“İndi 15 sentyabr ilk dərs günüdür və müəyyən hazırlıqlar olmalıdır. Əvvəldən planlaşdırılmış səfərlər daha tez həyata keçirilməlidir, yəni daha tez yola çıxmaq lazımdır. Düzdür, bu proses bir günlük davam edən proses deyil, düz 9 ay – yəni dərs ili müddətində bu ağırlıq, sıxlıq olacaq. Amma insanlar işlərini, səfərlərini düzgün planlasalar, bu qədər mənfi fəsad ortaya çıxmayacaq”, – deyə ekspert bildirib.

“Bir uşağın arxasınca 4 maşının getməsinə ehtiyac yoxdur”

Ekspert məktəbə gedən uşaqların valideynlərinin şəxsi avtomobillərdən istifadəsi ilə bağlı da diqqətçəkən məqama toxunub. Onun sözlərinə görə, eyni uşağı məktəbə aparmaq üçün bir neçə avtomobilin yola çıxması şəhər nəqliyyatına əlavə yük yaradır.

“Məsələn, bir uşağın arxasınca 4 dənə maşın gedir məktəbə ki, uşağımız məktəbə gedir, gedək onu orada alqışlayaq, dəstəkləyək və sair. Amma buna ehtiyac yoxdur. Bir maşın getdi, kifayət edir.

Bunu insanlar özləri başa düşməlidirlər ki, o 4 maşının yerinə başqa 4 valideynin maşını gəlib orada dayana bilərdi. Yəni bu, əlavə sıxlıq yaradır”, – deyə Elməddin Muradlı vurğulayıb.

Dərs və iş saatlarının dəyişdirilməsi təklif olunur

Nəqliyyat eksperti şəhərdə sıxlığın azaldılması üçün dərs və iş saatlarının dəyişdirilməsi məsələsinə də baxılmasının vacibliyini qeyd edib.

Onun fikrincə, uşaqların məktəbə aparılıb-gətirilməsi zamanı yaşayış yerinə yaxın təhsil müəssisələrinə üstünlük verilməsi də nəqliyyat yükünü əhəmiyyətli dərəcədə azalda bilər.

“Dərs və iş saatlarının dəyişdirilməsi məsələsinə baxılmalıdır. Uşaqları məktəbə yönləndirərkən yaxınlıqdakı məktəblərə üstünlük vermək lazımdır. Şəhərin bu başından o başına uşağı aparıb-gətirməyin bir mənası yoxdur”, – deyə ekspert bildirib.

Valideynlər məktəb seçiminə görə uzaq məsafələr qət edir

Elməddin Muradlı bildirib ki, məktəblərdə tədris səviyyəsinin eyni olmaması valideynlərin seçimlərinə də təsir göstərir. Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi bütün məktəblərdə tədris prosesinin eyni səviyyədə qurulması istiqamətində çalışsa da, real vəziyyətdə məktəblər arasında müəyyən fərqlər qalır.

“İndi Elm və Təhsil Nazirliyi çalışır ki, bütün məktəblərdə eyni tədris prosesi baş versin. Amma nə qədər çalışsalar da, biz reallıqda görürük ki, bəzi məktəblərdə tədris səviyyəsi aşağıdır, bəzilərində daha yüksəkdir. Ona görə valideynlər də buna uyğun seçim edirlər”, – deyə Muradlı qeyd edib.

Ekspert: “Əsas məsələ işləri düzgün planlaşdırmaqdır”

Ekspertin sözlərinə görə, yeni tədris ilinin başlaması ilə yaranacaq nəqliyyat yükünü tamamilə aradan qaldırmaq mümkün olmasa da, düzgün planlaşdırma ilə sıxlığın mənfi təsirlərini azaltmaq olar.

Bu baxımdan valideynlərin səfər vaxtlarını əvvəlcədən müəyyənləşdirməsi, mümkün qədər erkən yola çıxması, uşaqların məktəbə aparılması zamanı avtomobillərin sayını azaltması və yaşayış yerinə yaxın təhsil müəssisələrinə üstünlük verməsi mühüm əhəmiyyət daşıyır. Dərs və iş saatlarının şəhərin nəqliyyat yükünə uyğun şəkildə tənzimlənməsi də uzunmüddətli perspektivdə sıxlığın azaldılmasına kömək edə bilər.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki